Koronavirusla mübarizədə Azərbaycanın əldə etdiyi pozitiv nəticələrdə polisin rolu və payı...

Koronavirusla mübarizədə Azərbaycanın əldə etdiyi pozitiv nəticələrdə polisin rolu və payı...

“Say artdıqca, polisin işi də ağırlaşır”

Polis 24 saat iş başındadır. Karantin rejimində müəyyən məhdudiyyətlər aradan qalxdıqca, küçə və yollarda insanların sayı artır. Təbii ki, bu da polisin işinin ağırlaşmasına səbəb olub.

Məlumdur ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah martın 16-dan ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı qərar verdi. Aprelin 4-dən etibarən vətəndaşlardan xüsusi icazələr və 8103-ə müvafiq mesaj yazmaqla evdən çıxmaq tələb edildi. Ölkə sərhədləri bağlandı, Bakı və digər rayonlara gediş-gəliş dayandırıldı. Bu günlərdə vətəndaşların karantin rejimini pozmasının qarşısını almaq məqsədilə şəhər və qəsəbələrdə polis postları quruldu. Polislərimiz gecə-gündüz xidmət edərək, vətəndaşlara evdə qalmağı tövsiyə etməklə yanaşı, karantin rejimini pozanlara qarşı tədbirlər gördülər.

Qeyd etdiyimiz kimi, pandemiya dönəmində polis həm ictimai asayişin təmin olunmasına, həm də vətəndaşların karantin rejiminə necə əməl etməsinə nəzarət edib,bu gün də həmin vəzifəni yerinə yetirir.

Karantinin sərt olduğu günlərdə polis əməkdaşları sürücülərə yaxınlaşır, onların sənədlərini yoxlayır və müvafiq icazələrinin olub-olmaması ilə maraqlanırdılar. Həmçinin, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin tibbi maska taxıb-taxmamasına da nəzarət edirdilər. Polis əməkdaşları sərnişin avtobuslarına da daxil olur, sərnişinlərin sənədlərini yoxlayırdılar. Bir sözlə, pandemiya dövründə Azərbaycan polisinin işi birə-beş artdı. Onlar ölkə vətəndaşlarının sağlam qalması üçün öz işlərini layiqincə icra etdilər.

“Xüsusi karantin rejimində polisin bütün strukturları, eləcə də yol polisi gücləndirilmiş iş rejimində çalışır”

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, xüsusi karantin rejimində polisin bütün strukturları, eləcə də yol polisi gücləndirilmiş iş rejimində çalışır: “Polis 24 saat iş başındadır. Karantin rejimində müəyyən məhdudiyyətlər aradan qalxdıqca, küçə və yollarda insanların sayı artır. Say artdıqca, polisin işi də ağırlaşır. Çünki yoxlama-nəzarət məntəqələrində - karantin postlarında gərginlik yaşanır. Bununla əlaqədar olaraq postlarda polis əməkdaşlarının sayı artırılır ki, böyük sıxlıq və tıxaclar yaşanmasın. Buna baxmayaraq, bu gün də şəhərin küçələrində sıxlıq müşahidə edilir”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com