"Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin parlaq səhifələrindəndir" Məhəbbət İbrahimova

"Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış, Azərbaycan tarixinin əhəmiyyətli və yaddaqalan dövrlərindən olan XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan etmişdir". Bu fikiri YAP Qadınlar Şurasının sədrinin müavini, YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri Məhəbbət İbrahimova SİA-ya açıqlamasında bildirib.

Məhəbbət İbrahimova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin süyutundan 102 il ötür: "1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı. Məhz buna görə həmin süqutdan 71 ildən sonra, 1991-ci ildə Azərbaycan SSR-nin oraq-çəkicli al bayrağını endirib müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu qumaşını yenidən ucaldanda biz Cümhuriyyətə, onun şanlı tarixinə və siyasi mirasına sahib çıxdıq».
M.İbrahimova onu da bildirib ki, istiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır: «Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün səriştə, təcrübə, fəhm, uzaqgörən siyasət və iradə ardıcıllığı zəruridir. Yalnız bu keyfiyyətlərin daşıyıcısı olan liderə xalq şərtsiz arxalana, özünün taleyini ona həvalə edə bilər. Məhz 1993–cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn Ulu Öndər və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirərək bildirmişdir: «Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır".

Bu gün ölkə Prezidentimiz İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi səciyyələndirərək 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi, deyilənlərini sübutudur: "Və bu gün Ulu Ödər Heydər Əliyevin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycanı əzmlə, dəyanətlə irəli aparan isə Onun layiqli varisi Prezident İlham Əliyev Azərbaycan dövlətinin artan qüdrətini, sarsılmaz təmələ malik olan dövlətçilik ənənələrini öz məhsuldar fəaliyyəti ilə sübut edir".

Rəfiqə KAMALQIZI

Sia.az

ƏVVƏLKİ XƏBƏR

İyunun 1-dən yas mərasimlər belə keçiriləcək - AÇIQLAMA / VİDEO

SONRAKI XƏBƏR

Muradla Handenin iyulda toyudur