25 ildən çoxdur kişilərin çətinliklə öhdəsindən gəldiyi işdə çalışan azərbaycanlı qadınla MÜSAHİBƏ + FOTO

25 ildən çoxdur kişilərin çətinliklə öhdəsindən gəldiyi işdə çalışan azərbaycanlı qadınla MÜSAHİBƏ + FOTO

Bəzən qadın deyib keçirik, lakin bu sözün nə qədər dərin mənalar ifadə etdiyinin fərqinə varmırıq. Necə deyərlər, uğur qazanan hər kişinin arxasında cəsur bir qadın dayanır.

Bu dəfə sizi həmin mərd, cəsur, zəhmətkeş Azərbaycan qadınlarından biri ilə tanış edəcəyik. Onun adı Nazilədir. 25 ildən çoxdur ki, kişilərin çətinliklə öhdəsindən gəldiyi işdə çalışır. O deyir ki, əvvəllər ailəsi, yaxınları onun bu işlə məşğul olmasını istəməyib. Lakin sonradan onunla qürur duyublar.

Oxu.Az “Azərbaycan Dəmir Yolları” QSC-nin Qaradağ stansiyasında çalışan yol montyoru Nazilə Çıraqəliyeva ilə müsahibəni təqdim edir:

Nazilə Çıraqəliyeva 1972-ci ildə Şamaxı rayonunda anadan olub. Ailədə dörd bacı, üç qardaş olduqlarını deyən müsahibim 1995-ci ildən Bakıda yaşadığını deyir. Ailə həyatı qurana qədər atası, qohumları onun bu peşədə çalışmasını dəstəkləməyib. Hətta müxtəlif yollarla ona mane olmağa da çalışıblar:

- Nazilə xanım, niyə məhz bu peşəni seçmisiniz?

- Mən zəhmətkeş ailədə doğulub, boya-başa çatmışam. Atam da, anam da çalışıb, əziyyətlə yeddi uşaq böyüdüblər. Ailəmizdə həmişə mehribançılıq olub. Uşaq vaxtlarından atama kömək edərdim. Belə-belə maraq yarandı. Peşə məktəbini bitirmişəm. Dərziyəm. Nədənsə, bu sahəyə marağım məni dəmir yollarına gətirdi.

- İlk iş gününüzü necə xatırlayırsınız?

- İnanırsınız, həmin gün yadıma düşəndə yenə ən azı o qədər həyəcan keçirirəm. İlk dəfə işə başlayanda 22 yaşım var idi. Kollektiv ilə tanış olanda heç kim mənim burada çox qalacağımı düşünmürdü. Amma mən qarşıma məqsəd qoydum və ağır olsa da, bu peşənin öhdəsindən gəldim.

- Təhsilinizin olmadığını dediniz. İşə ilk olaraq yol montyoru kimi başladınız?

- Azərbaycan Dəmir Yollarına (ADY) işə düzələndə fəhlə kimi işə başladım. Bir müddət yol təmirçisi işlədim. Daha sonra isə bir neçə il yol keçidində çalışdım.

İsgəndərov Vasif burada yol ustasıdır. O, bu sahənin dərinliklərini, məsuliyyətini bizə öyrətdi. Artıq illərdir ki, bu işi görürük.

- Bizə bir iş gününüzü danışmağınızı rica edirik.

- Həftənin beş günü işləyirik. Səhər saat 8-dən axşam 5-ə qədər. Komandamızda məndən başqa bir xanım əməkdaş da var. Onunla stansiyada üzərimizə düşən işləri görürük. Relslərin ot-alaqdan təmizlənməsi, bağlayıcıların, yolayırıcılarının yağlanması, boltların bərkidilməsinə biz nəzarət edirik.

- Bu işlər kifayət qədər fiziki güc tələb edir. Çətinliyiniz olurmu?

- Hərdən çətinlik çəkirik. Çünki asan iş deyil. Güc tələb edir. Gücümüz çatmayan işlərdə komandamızdakı kişilər bizə kömək edir. Bu kimi məqamlar nəzərə alınır və çox ağır işləri bizə tapşırmırlar.

- Çalışdığınız zaman qəzaya şahid olmusunuz?

- Xeyr, çox şükür, 25 ildir dəmir yollarında işləyirəm, heç bir qəzanın şahidi olmamışam. Əməkdaşlarımız bədbəxt hadisələrin qarşısını almaq üçün zəruri olan bütün təlimatlara əməl edirlər.

- İşinizə problem yaradan məqamlar nələrdir?

- Ərazidə yaşayış evləri var. Dəmir yollarından keçən insanlar bəzən məişət tullantılarını qatar yoluna atırlar. Bu, bizim işimizi bir az çətinləşdirir. Qatarların istiqamətini dəyişmək üçün yolayırıcılar var.

Hərdən bilə-bilə yolayırıcılara iri daş atırlar və bu, qatarların hərəkətinə ciddi problem yaradır. Bununla bağlı maarifləndirici tədbirlər aparılsa da, hələ də belə hallar müşahidə edilir.

- Həyat yoldaşınız bu sahədə işləməyinizdən narazı deyil?

- Xeyr, əksinə o mənə ailəmdən də çox dəstək oldu. Mən işə başlayanda artıq ailəli idim. Üç övladım var, hətta nənə olmuşam. Bura yaxın ərazidə yaşayıram. Uşaqlarım körpə olduğu üçün Qaradağ stansiyasında işə başlamaq mənə yaxşı fürsət idi.

Fasilələr zamanı evə gedib uşaqlara baxa bilirdim. Ailə qurduqdan bir müddət sonra yoldaşım da Azərbaycan Dəmir Yollarında işə düzəldi. O, yol keçidində çalışır, növbəli iş qrafiki var. İşimlə bağlı heç vaxt narazılıq etməyib.

- Dediniz ki, 22 yaşınızda işə başlamısınız. O zamanlar sizi qısqanmamış olmaz.

- Bir az (gülür). Elə ciddi problemlərimiz olmayıb. Olanda da çalışmışıq ki, iş yerində hiss etdirməyək. Evdə bir-birimizə nə sözümüz var demişik, savaşmışıq. Qısqanclıq hamıda olur. 48 yaşım var, artıq elə məqamlar olmur.

- İşləyərkən yanınıza qoyduğunuz qırmızı bayraq nə üçündür?

- Bu mənim təhlükəsizliyimi təmin etməyim üçün vacibdir. Bunu ona görə qoyuruq ki, uzaqdan gələn qatar həmin ərazidə iş getdiyini və yol montyorunun ərazidə olduğunu bilsin. Əlim əzilə, hətta şikəst ola bilərəm. Buna görə təhlükəsizlik normalarına dəqiq riayət edirik.

Qatarın bizə yaxınlaşmasına 300-400 metr qalanda bayrağı götürüb yoldan çıxırıq ki, problem olmasın.

- 25 ilə yaxındır ki, çalışırsınız. Relslərin arasından qiymətli əşyalar tapmısınız?

- Xeyr, qeyri-adi nəsə tapdığım olmayıb.

- Nazilə xanım, qış və yay fəsillərində işinizi çətinləşdirən məqamlar olur?

- Qışda havalar çox soyuq keçmir. Ona görə qatar yolları donmur. Amma güclü qar yağan illər olub ki, dəmirlər paslanmasın deyə, dərhal ərazini qardan təmizləmişik. Dəmirləri yağlamışıq.

- Peşəkar kadr kimi təltif olunmusunuz?

- İşimdə məsuliyyətli olduğuma, ciddi yanaşdığıma görə dördüncü dərəcəli yol montyoruyam. Əslində, ən yüksək beçinci dərəcədir. Lakin xanım olduğumuz üçün bizə ən yüksək dördüncü dərəcə verilir.

- Övladlarınız sizin peşənizə maraq göstərir?

- Təəssüf ki, uşaqlarımın bu sahəyə marağı yoxdur. Heç istəməzdim, çünki ağır və məsuliyyətli peşədir.

Könül Cəfərli
Foto: Ramil Zeynalov

Mənbə: www.oxu.az