Xarici İşlər Nazirliyi olmayan şirkəti tenderin qalibi elan edib - FAKT

Xarici İşlər Nazirliyi olmayan şirkəti tenderin qalibi elan edib - FAKT

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarovun adına ABŞ-ın Nyu-York şəhərində “Riverside Boulevard” 120 ünvanında 2 mənzil alınıb.
Yeniavaz.com xəbər verir ki, Nyu-York Vergi Departamentindən verilən məlumatda mənzillərin 2015-ci il iyun-iyul aylarında 4,2 milyon dollara alındığı bildirilib.

Qeyd edək ki, yayılan bu məlumat ölkə mətbuatının diqqətini XİN başçısı Elmar Məmmədyarova çevirib. 16 ildir XİN-ə rəhbərlik edən Elmar Məmmədyarovun adı zaman-zaman müxtəlif biznes fəaliyyətində hallanıb. 2012-ci ildən ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Elxan Çərkəz oğlu Azayevin qanuni təmsilçisi olduğu “Diplomat-2008” MTK adlı tikinti şirkətinin əslində Elmar Məmmədyarova məxsus olduğu barədə mətbuatda iddialar yayımlanıb.

Yeniavaz.com xəbər verir ki, bu iddialar təsdiqini tapmasa da Elmar Məmmədyarovun rəhbərlik etdiyi XİN tərəfindən keçirilən dövlət satınalmalarında qanunsuzluqlar olub. 16.12.2019-cu il tarixində açıqlanan rəsmi məlumatda göstərilir ki, XİN tərəfindən keçirilən və ümumi dəyəri 44 min 874 manat 35 qəpik olan 7 tender müsabiqəsinin qalibi “Berkan LTD” MMC (VÖEN-1102080351) şirkəti olub.

Tender müsabiqəsinin maraqlı tərəfi odur ki, açıqlanan rəsmi məlumatda satınalının iş və xidmətlərin “Berkan LTD” MMC tərəfindən 12.02.2019-cu il tarixindən icra olunacağı göstərilib. Halbuki qeyd olunan tarixdə “Berkan LTD” MMC adlı şirkət mövcud olmayıb. “Berkan LTD” MMC 04.07.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat olan “Berkan LTD” MMC –nin qanuni təmsilçisi Fərhadov Oruc Mürsəl oğludur. Qaradağ rayonu, Müşfiqabad ŞTQ, İzlivnoy, ev 47, m 12 ünvanında qeydiyyatda olan “Berkan LTD” MMC barədə açıq internet resurslarda heç bir məlumat yoxdur. Yalnız şirkətin qanuni təmsilçisi Fərhadov Oruc Mürsəl oğlunun adını müxtəlif məhkəmə çəkişmələrində görmək mümkündür.

XİN tərəfindən keçirilən digər tenderlərdə də yeni yaranan, təcrübəsiz şirkətlərlə müqavilə imzaladığı görülməkdədir. Məsələn, 11.02.2019-cu ildə dövlət qeydiyyatına alınan “Dızayn-R” MMC (VÖEN-8200279541) şirkəti cəmi 4 ay sonra - 03.06.2019-cu il tarixindən XİN-ə dəftərxana və təsərrüfat malları satmğa başlayıb. “Berkan LTD” MMC kimi “Dızayn-R” MMC barədə də açıq internet resurslarda heç bir məlumat yoxdur. Qeyd edək ki, açıq mənbələrdə adı keçən “Dizayn-R” MMC ilə XİN-in tenderində qalib olan “Dızayn-R” MMC fərqli şirkətlərdir.

A. Cəfərov

Mənbə: www.yeniavaz.com