“Universitetlərin bu qərarları tələbələr arasında çaxnaşmaya səbəb oldu” – EKSPERT

“Universitetlərin bu qərarları tələbələr arasında çaxnaşmaya səbəb oldu” – EKSPERT

"Tələbələr arasında ayrıseçkilik etmək doğru deyil. Universitetlər tələbələrin vəziyyətini nəzərə alaraq ümumi hər kəsə şamil ediləcək qərarlar qəbul etməlidirlər".
Yeniavaz.com xəbər verir ki, bu sözləri təhsil eksperti Qoşqar Məhərrəmov bəzi universitetlərin distant təhsilə qoşulan və qoşulmayan tələbələr arasında etdiyi ayrıseçkilik məsələsini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, pandemiya dövründə dərslərə qoşulmaq icbari xarakter daşımırdı, buna görə də məsuliyyətə cəlb olunmaq doğru deyil:

“Onlayn dərslərdə iştirak edən tələbələrlə, etməyənlə arasında ayrıseçkilik etmək doğru deyil. Çünki nəzərə almaq lazımdır ki, bəzi tələbələr kənd yerində yaşayır, onların evində elektrik olmaya bilər, internetə çıxışı olmaya bilər. Bu prosesi onların lehinə həll etmək lazımdır. Lakin bu çox asan olmamalıdır. Ən azından hər bir tələbəyə fərdi iş verilməlidir, mümkün olarsa onlayn imtahan təşkil olunmalıdır”.

Qoşqar Məhərrəmov eyni zamanda universitetlərin fərqli qərar qəbul etmələrinin tələbələr arasında çaxnaşmaya səbəb olduğunu bildirdi:

“Universitetlər ali təhsil müəssisəsi kimi müstəqil qurumlardır. Təhsil Nazirliyi də buna görə, universitetləri qərar vermə məsələsində daxili mexanizmlərinə buraxdı. Onlar da Elmi Şuralarında aldıqları qərarla imtahanların necə keçiriləcəyini təyin etdilər. Dünya praktikasına baxsaq bu bütün ölkələrdə belədir. Universitetlərin hərəsinin bir qərar qəbul etməsi onların infrastukturları, təhsilə olan yanaşmaları ilə əlaqədardır. Azərbaycanda ali məktəblərin, tələbələrin vəziyyəti eyni olmadığı üçün onların sərbəst buraxılmasının tərəfdarıyam. Lakin bu sərbəstliyin sui-istifadə edilməsi istənilməyən hallarla nəticələnir. Buna görə də hal-hazırda tələbələr arasında çaxnaşma baş verib ki, bu universitet imtahanları ləğv etdi, sualları sadələşdirdi amma bizim universitet etmədi. Amma bir şeyi unutmamaq lazımdır ki, heç bir universitet tələbəyə asan diplom vermək öhdəliyi daşımır. O məkətbi bitirmək nə qədər çətindirsə, deməli həmin məktəb bir o qədər keyfiyyətlidir. Buna görə də düşünürəm ki, hansı universitet imtahanla tələbəyə diplom verir və ya digər kursa keçirdirsə həmin diplom daha dəyərlidir. Hansı universitet ki, özündə qiymətləndirmə aparmayıbsa, deməli onlar bu ərəfələrdə ümumiyyətlə dərs keçməyib. Əgər keçiblərsə belə görüblər ki, onların tələbələrinin əksəriyyəti dərslərə qoşulmayıb. Bu halda universitet düşünür ki, mən imtahan etsəm tələbələrin əksəriyyəti imtahandan kəsiləcək”.

İlahə Hüseynova

Mənbə: www.yeniavaz.com