"Heyvanların qana bulaşması və ölməsi hesabına eqosunu təmin etməyə çalışmaq acizlik və özünə inamsızlıqdır" - Psixoloq

"Heyvanların qana bulaşması və ölməsi hesabına eqosunu təmin etməyə çalışmaq acizlik və özünə inamsızlıqdır" - Psixoloq

Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilən it döyüşlərini əks etdirən videogörüntülər paylaşılıb. Bu görüntülər heyvanlara qarşı zorakılıq mövzusunu yenidən gündəmə gətirdi. Bununla bağlı "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə filialının baş psixoloqu Taciyə Mehdisoy “EDNews.net”-ə açıqlama verdi.

"İnsan sayı qədər xarakter var. Bəzi insanlar xeyirxah, humanist, insaflı, heç kəsi və heç nəyi incitmək istəmədiyi halda digərləri başqa insanlara və ya ümumilikdə ətraf mühitə qarşı aqressiv və təcavüzkar olar. Bu da birdən-birə yaranmır və ya anadangəlmə deyil", T.Mehdisoy söyləyib.

Ekspertin sözlərinə görə, hələ uşaqlıqdan insanın yetişdirilmə tərzi, aldığı travmalar və ya norma hesab etdiyi anormal vəziyyətlər, baxdığı bədii film və ya cizgi filmləri böyüdükdə artıq həmin insanın davranış formasına çevrilir:

"Əksər hallarda xoruz döyüşü və ya it boğuşdurulmasından zövq alan insanların burada düşmənçiliyi nə xoruzla nə də itlə olmur. İnsan hər zaman qalib olmaq istəyir, bəzən bunu özü bacarmayanda, öz özəlliyini dərk etməyəndə bu cür davalarda tərəfdar və ya tamaşaçı olmaqla zövq alır. Unudurlar ki, heyvan da canlıdır. Onların ağrıması və ya qana bulaşması, hətta ölməsi hesabına eqosunu təmin etməyə çalışmaq həm acizlik, həm insafsızlıq, həm də özünə inamsızlıqdır".

Psixoloq bildirib ki, bu döyüşlərin "adət-ənənəyə" uyğun, zaman-zaman dövrümüzə gəlməsi də sanki insanlarda yazılmamış qanun hissini yaradır:

"Ancaq hansı canlı növü olursa olsun məhv olunmasından zövq almaq insanlığa ziddir. Gözlər gözəl hadisələr görəndə gülər və güldürər. Psixikanız sağlam qalsın deyə gözlərinizi gözəlliyə kökləyin", ekspert söyləyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib. İlkin araşdırmalarla o da müəyyən edilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilib.

Gülnar Səlimova

EDNews.net

Mənbə: ednews.net