5 uşaq anası Brilyant Hüseynovanı ərindən ayırdılar, Azərbaycana “sürgün etdilər”... ALİ MƏHKƏMƏ HÖKM VERİB, AMMA...

5 uşaq anası Brilyant Hüseynovanı ərindən ayırdılar, Azərbaycana “sürgün etdilər”... ALİ MƏHKƏMƏ HÖKM VERİB, AMMA...

Rusiyanın Perm vilayətinin Qubax rayonunda həyat yoldaşı və övladları ilə birgə yaşayan Brilyant Hüseynova məhkəmənin qərarına əsasən ötən il Azərbaycana deportasiya edilib. İndi Ali Məhkəmə onun xeyrinə qərar çıxarsa da çoxuşaqlı ana ərinin yanına qayıda bilmir.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb B.Hüseynovanın ərindən və övladlarından fərqli olaraq Azərbaycan vətəndaşı olmasıdır. Lakin deportasiya ilə bağlı qərar 3 il sonra Ali Məhkəmə tərəfindən ləğv edilib. Buna baxmayaraq Hüseynovlar ailəsinin bir yerə yığılması yenə mümkün olmayıb.

Belə ki, məhkəmə tərəfindən deportasiya haqqında qərar çıxarıldıqdan sonra B.Hüseynova övladları ilə birgə ölkəni tərk edərək Azərbaycana gəlib. Məsələ ondadır ki, qadının həyat yoldaşı Rusiya vətəndaşıdır, övladları da Rusiyada doğulublar. Ötən ilin mayında ailə başçısı həyat yoldaşını və övladlarını Azərbaycana aparmaq məcburiyyətində qalıb.

“Mənim uşaqlarım Rusiya vətəndaşıdırlar, burada doğulublar, böyüyüblər. Onlar azərbaycan dilini bilsələr də, aksentlə danışırlar. İndi orada oxumaq məcburiyyətindədirlər. Oğlum birinci sinfi yenicə bitirmişdi. Onun üçün lap çətindir. Burada üzgüçülüyə gedirdi, musiqi təhsili alırdı”- Rusiya vətəndaşı Hüseynov belə deyir.

Bununla yanaşı Rusiyanın Daxili İşlər Nazirliyinə qadının Rusiyaya qayıdacağı təqdirdə hər hansı maneçiliyin olub-olmaması ilə bağlı sorğu göndərilib. Paralel olaraq Hüseynov həyat yoldaşına Rusiya vətəndaşlığı alması üçün sənədlər toplayır.

Qeyd edək ki, Rusiya vətəndaşlığı almayan B.Hüseynovanın deportasiya qərarı 2017-ci ilin may ayının 19-da verilib. Qubax şəhər məhkəməsi Rusiya ərazisində miqrasiya qaydalarını pozduğuna görə B.Hüseynovanın Azərbaycana deportasiya edilməsi barədə hökm çıxarıb. Həmin ərəfədə B.Hüseynova müəyyən səbəblərdən məhkəmənin qərarından şikayət verə bilməyib: “Məhkəmə qərarından həmin vaxt şikayət edə bilmədim. Çünki mayın 22-də oğlum Camalı dünyaya gətirmişdim”- qadın deyib.

B.Hüseynova deportasiya qərarından yalnız bir il sonra – 2018-ci ilin mayında şikayət edib. Lakin onun şikayətlərinə reaksiya verilməyib.

İ.Rafiqqızı

Virtualaz.org

Mənbə: virtualaz.org