Karantin günlərinin qurbanları qadınlar olub – ilginc araşdırma

Karantin günlərinin qurbanları qadınlar olub – ilginc araşdırma

Koronavirus pandemiyası və karantin günlərində ailə işlərinin yükünü əsasən qadınlar öz üzərinə götürüb. Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, İtaliyada aparılan bir araşdırma koronavirus infeksiyası və karantin zamanında qadınların böyük qisminin ev və ailə daxilindəki işləri təkbaşına yükləndiklərini göstərib.
Qadın və uşaq haqları dərnəyi “We World” ilə “Ipsos” araşdırma şirkəti tərəfindən hazırlanan sorğuya görə, qadınların 60 faizi karantin zamanı hər zamankından daha çox fiziki işlərlə yükləniblər. Sorğuya qatılan kişilərin isə yalnızca yüzdə 21 faizi ailənin bütün yükünü öz çiyinlərində daşıyıb.
31-50 yaş arasında çalışan qadınlarda bu faiz daha da yüksək çıxıb. Bu kateqoriyadakı qadınların 71 faizi ailədaxili işlərin hamısını özləri görüblər. Bu qadınlar gündəlik ev işləri ilə yanaşı, ailə böyüklərinə yardım etmək, uşaqların qulluğu, məsafədən təhsil və ev tapşırıqlarına nəzarəti öz üzərinə götürmək kimi əlavə işlərlə də təkbaşına məşğul olub.
İtaliyanın cənub bölgələrində ailə daxili işlərin yükünü təkbaşına üzərinə götürən qadınların faizi də artıb. Kişilər uşağa qulluğu paylaşdıqlarını düşünür. Sorğuda ev işlərinin paylaşımı məsələsində qadın və kişilər arasında bir “anlayış fərqi” olduğu da müəyyən olunub. Belə ki, sorğuya qatılan kişilərin 47 faizi uşağa qulluq vəzifəsini partnyorları ilə paylaşdıqlarını dedikləri halda, qadınların cəmi 22 faizi uşaq qulluğunda partnyorları ilə iş bölgüsü apardıqlarını bildirib. Araşdırmada hər 2 qadından 1-nin bu dönəmdə gələcək planlarını təxirə salmaq və ya ləğv etmək məcburiyyətində qaldığı da müəyyən olunub. Kişilərdə isə bu faiz 5-də 2 olub.
“We World” dərnəyi araşdırma nəticələrini açıqladığı bəyanatında bildirib ki, “Pandemiyanın ailəvi və zehni yük gətirən nəticələrindən ən çox təsirlənənlər yenə qadınlar olub”.
Sorğu nəticələri İtaliya mediasında “Covid qurbanları arasındakı qadınlar: iki qadından biri öz planlarından vaz keçdi”, “Qadınların yarıdan çoxu karantində hər şeyi təkbaşına edib” kimi başlıqlarla yer alıb.


Sevinc, Musavat.com

Mənbə: www.cumhuriyyet.net