"Virusa inanmalıyıq, ya da inanmamalıyıq"…

"Virusa inanmalıyıq, ya da inanmamalıyıq"…

Azərbaycanda insanların böyük əksəriyyəti koronovirusun mövcud olduğuna inanmır. Bu inamsızlıq hər keçən gün daha da artır. İctimai yerlərdə maska taxanları artıq barmaqla saymaq mümkündür. Bəs, görəsən bu cür kütləvi inamsızlığın səbəbi, ya da səbəbləri nələrdir?
Səbəb 1 – Azərbaycanda insanların böyük əksəriyyəti virusla bağlı təməl biliklərə sahib deyillər. İnanmırsınızsa, öz-özünüzə, ya da ətrafınızdakı insanlara virusla bağlı suallar verin: Virus nədir? Quruluşu necədir? Necə çoxalır? Bu suallara verəcəyiniz, ya da alacağınız cavablar inamsızlıq səviyyəsilə düz mütənasib olacaq. Əgər bir insan virusla virionun fərqini, diffuziya hadisəsini bilmirsə həmin insanın koronavirusun mövcudluğuna inanması da mümkünsüz olacaq.
Səbəb 2 – Azərbaycanda koronavirusla bağlı məlumatları kimlər açıqlayır? Məlum məsələdir ki, səhiyyə sisteminin başında duranlar və digər məmurlar. Hətta yalan danışmağı özünə peşə seçən Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycandakı təmsilçisi. “Yalançı çobanın hekayəsi”ndə olduğu kimi, artıq insanlar bu şəxslərə inanmırlar. Koronavirusla bağlı məlumatları insanlara kim çatdırır? Uzun illər AzTV-nin efirindən “Almaniyanın dağılması” barədə monoloqlar söyləyən biri indi həqiqəti söyləsə də insanları inandıra bilmir. Fevral ayının sonlarında koronavirus Azərbaycanın “qapısını” döyəndə jurnalistlər Səhiyyə Nazirliyinin Baş epidemioloqundan soruşdular ki, Azərbaycanda koronavirus var? Baş epidemioloq da dedi ki, nəyə istəyirsiniz and içim ki, Azərbaycanda koronavirus yoxdur.
Səbəb 3 – “Nə tökərsən aşına, o da çıxar qaşığına” prinsipi. İllərdir mediada yalanlar tirajlanıb. İnsanları həqiqətlərə deyil, yalanlara inanmağı öyrədiblər. Televiziya ekranlarını ucuz şoularla, hərşeyşünas ekspertlərlə, sağlam adama “bir kub iynə” vuranlarla dolduranda nəticəsi belə olmalıydı. Rahat ola bilərsiniz, artıq Azərbaycan insanını bizə qarşı “ikili standartlar” tətbiq edənlərin, “analoqsuz inkişafımızı” qısqananların, “masonların”, “5-ci kolonun”, hətta “divlərin”, “əjdahaların” belə mövcud olduğuna inandıra bilmisiniz. Azərbaycana qarşı “ikili standartlar”ın olduğuna inanan insan koronavirusun Bill Qeytsin layihəsi olduğuna niyə inanmasın ki?..
Səbəb 4 – Məmurların qeyri-peşəkarlığı. Hərdən mənə elə gəlir ki, bizim məmurlar koronavirusla mübarizə tədbirlərini “Hollivud filimləri”nə baxıb, ordan öyrənirlər. Karantin və mübarizə tədbirləri yerli və milli amillər, əhalinin savadlılıq səviyyəsi, iqtisadi vəziyyət nəzərə alınmadan görüləndə nəticəsi də belə olur. Azərbaycan insanının pulu, var-dövləti canından çox sevdiyini bilə-bilə maskanın, spirtin qiymətini artırdığın zaman bu işin axırda inamsızlığa səbəb olacağını bilmək lazım idi. Koronavirusdan əvvəl 10 qəpiyə olan maskaların qiyməti virusun tüğyan elədiyi dövürdə 30 qəpiyə yüksəldi. Spirtin qiymətini artıra-artıra gedirlər. Belə mənzərəni virusu kəşf edən İvanovski görsəydi, bəlkə o da öz kəşfinə şübhə edərdi. Koronavirusa inanmayan hər üç nəfərdən ikisinin arqumeti budur: “Kimlərsə koronavirusu bəhanə edib yaxşı pul qazanır”.
Əslində, səbəblər daha çoxdur, amma uzatmağın da mənası yoxdur. Müşahidə etdiyim və edə bilmədiyim səbəbləri sadalamaq problemi həll etmir. Hamletin məşhur “Olmaq ya da olmamaq” monoloqunda olduğu kimi, indi əsas sual budur: “Virusa inanmalıyıq, ya da inanmamalıyıq”…
Qarşımızda iki seçim var:
Seçim 1 – İctimai yerdə maska taxırıq, sosial məsafəni gözləyirik və gigiyena qaydalarına əməl edirik… Əgər virus yoxdursa, biz heç nə itirməyəcəyik. Ən pis halda itirəcəyimiz maska və spirtə xərclədiyimiz 5-10 manat pul olacaq.
Seçim 2 – İctimai yerdə maska taxmırıq, sosial məsafəni gözləmirik və gigiyena qaydalarına əməl etmirik… Əgər virus varsa, o zaman itirəcəyimizi 5-10 manat yox, özümüzün, ya da yaxınlarımızın həyatı olacaq…

Mənbə: www.yeniavaz.com