Ramin Bayramlı: Ölkəmizdə ilk dəfə olaraq bir gündə 200-dən çox yoluxma faktı qeydə alınıb

Ramin Bayramlı: Ölkəmizdə ilk dəfə olaraq bir gündə 200-dən çox yoluxma faktı qeydə alınıb

Bakı, 29 may, AZƏRTAC

Ölkəmizdə ilk dəfə olaraq bir gündə 200-dən çox yoluxma faktı qeydə alınıb. Belə ki, bu gün daha 230 nəfərdə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bunu mayın 29-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə bu gün 4934, ümumilikdə isə 289 min 603 test aparılıb. Artıq testlərimiz hədəf qruplarına yönəlib. Yəni, simptomu olanlar, 103 təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə müraciət edənlər və onlarla təmasda olanlar testdən keçirilir. Bir milyon əhaliyə düşən testlərin sayı 30 minə çatır.

Hazırda ölkəmizdəki 22 xüsusi rejimli xəstəxanada 1806 aktiv xəstənin müalicəsi davam etdirilir. Xəstələrdən 79-u reanimasiyada və intensiv terapiya şəraitində müalicə alır ki, onlardan da 21-i süni tənəffüs cihazına qoşulub.

O qeyd edib ki, aktiv xəstə sayında və ona paralel olaraq ağır xəstə sayında da artım var.

Mənbə: azertag.az