"Məzarı ziyarət edilsə də, edilməsə də o, ilin 365 günü hamının ürəyindədir..."

"Məzarı ziyarət edilsə də, edilməsə də o, ilin 365 günü hamının ürəyindədir..."

“Sabirin arzusu o idi ki, millət təhsil alsın, maariflənsin...”

“Onda da xatırlatdım ki, 1962-ci ildən bu günə kimi həmişə doğum günü və il dönümündə Sabirin məzarı ziyarət edilib, amma bu gün pandemiyaya görə ilk dəfə onun məzarını ziyarət edə bilmədik”

Bunu Moderator.az-a açıqlamasında Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, şairin nəvəsi Sevda Tahirli deyib. O, Sabir yaradıcılığının təbliğ olunması üçün müasir texnologiyadan istifadə edildiyini bildirib:

“Bu gün Sabir bəyin doğum günüdür və bayaq qohumlar da zəng vurub bununla bağlı mənlə danışdılar. Sabirin yaradıcılığını təbliğ etdiyimiz üçün bizlərə də təşəkkürlərini bildirdilər. Onda da xatırlatdım ki, 1962-ci ildən bu günə kimi həmişə doğum günü və il dönümündə Sabirin məzarı ziyarət edilib, amma bu gün pandemiyaya görə ilk dəfə onun məzarını ziyarət edə bilmədik. Məzarı ziyarət edilsə də, edilməsə də hamı bilir ki, o, ilin üç yüz altmış beş günü hamının ürəyindədir. Onun sözləri yada düşəndə insanlar Sabirə rəhmət oxuyur. Fond olaraq bizim fəaliyyətimiz davam edir. Biz Sabirin Azərbaycan, ingilis və rus dillərində muzeyini yaratdıq. Bütün dünya azərbaycanlıları, Sabiri sevənlər onun muzeyinə daxil olub istədikləri məlumatı ala biləcəklər. Onun “Hophopnamə”sinin audio videosunu hazırladıq. Müxtəlif səbəblərdən vaxt çatışmazlığı olan insanlar qulaqcıqla onu dinləyə biləcəklər. Bunun maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, şeirləri gənc qiraətçilər səsləndiriblər. Son zamanlar isə başımız pandemiyaya qarışdığı üçün hələ ki, fəaliyyətimizə fasilə vermişik. Bununla yanaşı, bilirsiniz mən Bakı Dövlət Universitetinin dosentiyəm və bütün fəaliyyətimizlə tədris prosesinə fokuslanmışıq. Elə Sabirin istəklərindən biri o idi ki, insanlar təhsil alsın, maariflənsin. Mən onu yad etdiyiniz üçün sizlərə təşəkkür edirəm”.

Qeyd edək ki, M.Ə.Sabir 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. 1911-ci il iyulun 12-də dünyasını dəyişib.

 

Vasif Əlihüseyn

 

Mənbə: moderator.az