Dağınıq skleroz gənc yaşlarda başlayan və müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyidir

Bakı, 30 may, AZƏRTAC

Dağınıq skleroz xəstəliyi bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da səhiyyənin aktual problemlərindən biridir. Tədqiqatlardan və praktikadan belə məlum olur ki, xəstəlik əvvəlki illərə nisbətən xeyli cavanlaşıb. Dağınıq skleroz xəstəliyi özünü bir çox müxtəlif simptomlarla büruzə verir. Belə ki, bəzi xəstələrdə gözlərinin qarşısında sanki torun olması, bəzilərində əllərinə əşya götürərkən onu yerə düşürməsi, başgicəllənmə, başağrıları, yerişin pozulması, koordinasion pozuntu, görmənin, eşitmənin zəifləməsi kimi əlamətlər müşahidə olunur. Ağırlaşmış formasında xəstədə ciddi hərəkət pozulması qeydə alına, hətta xəstə gəzə bilməyəcək hala düşə bilər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova məlumat verib.

Nevropatoloqun sözlərinə görə, dağınıq skleroza əsasən gənc yaşlarda rast gəlinir. Xəstələr qeyd edirlər ki, onlarda heç bir əlamət olmadığı halda əsəbiləşəndə, yağışa düşəndə, soyuq havanın təsirinə məruz qalanda ciddi bir yeriş problemi müşahidə olunur. Bu əlamətlər xəstəliyin üzə çıxmasına səbəb olan amil rolunu oynayır. Lakin xəstəliyin əmələgəlmə səbəbləri bunlar deyil. Uzunmüddətli tədqiqatlar belə bu xəstəliyin yaranma səbəbini aşkarlaya bilməyib.

"Xəstəlik əksərən gənc yaşlarda başlayan, proqressiv artan və nəhayət müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyidir. Qeyd edim ki, bəzən dağınıq sklerozu terminoloji oxşarlığına görə yaşlı insanlarda rast gəlinən ateroskleroz xəstəliyi ilə qarışdırırlar. Bilmək lazımdır ki, bunlar tam müxtəlif xəstəliklərdir. Dağınıq sklerozun ən xoşagəlməz xüsusiyyətlərindən biri insanların cavan yaşlarında ciddi əlilliyə səbəb olmasıdır.

Xəstəliyin ilk simptomları o dərəcədə müxtəlif ola bilir ki, bəzən ilkin diaqnozun qoyulması həkimlər üçün də çətin olur. Hətta səhv diaqnoz da qoyulur. Onun elə proqressiv formaları var ki, xəstənin çox qısa bir müddət ərzində əlil arabasının köməyi olmadan hərətəkət edə bilməməsinə və ondan da ağır nəticələrə gətirib çıxara bilir.

Dağınıq skleroz irsi xəstəliklərə aid edilmir. Buna görə yaxınlarından birinin dağınıq sklerozla xəstələnməsi heç kimdə öz səhhəti haqda narahatlıq yaratmamalıdır. Hələ ki, dağınıq sklerozun yaranmasının etioloji amili aşkarlanmayıb", - deyə Y.Rəşidova diqqətə çatdırıb.

Mütəxəssis bildirib ki, xəstəliyi aşkarlayan zaman baş beyin və ya tam onurğanın maqnit rezonans tomoqrafiya müayinəsi aparılmalıdır. Nəticədə xəstəliyə 90-98 faiz hallarda diaqnoz qoyula bilir. Diaqnoz qoyulduqdan sonra xəstədə ciddi müalicə aparılmalıdır. Hətta stasionar şəraitdə müalicə təyin olunmalıdır. Əgər müalicə aparılmazsa və ya xəstə diaqnoza inanmayıb müalicədən imtina edərsə, ciddi ağırlaşmalara, hətta xəstəlik hansı əlamətlə üzə çıxıbsa, onun daha da irəli getməsinə, əlilliyə və ağır fəsadlara gətirib çıxara bilir. Ona görə də davamlı olaraq başgicəllənmə, ürəkbulanma, başağrıları, yerişin pozulması, torlu görmə, əlindən əşyanı salma kimi əlamətlər qeydə alınarsa, mütləq nevropatoloqa müraciət edilməsi tövsiyə olunur. Nevropatoloqun məsləhət bildiyi müayinələrdən keçməklə, xəstəliyə vaxtında diaqnozun qoyulması və düzgün müalicə aparılması ilə effektli nəticə əldə etmək olar. Düzgün diaqnoz müalicənin 50 faizi deməkdir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Mərakeş mətbuatı: Azərbaycan xalqı və rəhbərliyi öz tarixinin şərəfli səhifələrinə yüksək dəyər verir

SONRAKI XƏBƏR

Azay Quliyev: “Şuşadakı təxribat müharibə çağırışlarının kəskin artmasına səbəb oldu”