Azərbaycanda karantin qaydalarının 15 iyunadək uzadılmasına ictimaiyyət necə baxır...

Azərbaycanda karantin qaydalarının 15 iyunadək uzadılmasına ictimaiyyət necə baxır...

Seyid Camal Əzimbəyli: “Müəyyən məhdudiyyətlərin saxlanması düzgün addımdır”

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilib və infeksiyanın yayılması nəzarət altına alınıb.

Bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.

Operativ Qərargahdan bildirilib ki, sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyunadək uzadılıb. Eyni zamanda, 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.

Beləliklə, məhdudiyyətlərin bir qismi aradan qaldırılmaqla yanaşı, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti də bir müddət uzadıldı. Nəzərə alsaq ki, infeksiyanın yayılma təhlükəsi hələ tam aradan qalxmayıb, təkcə mayın 29-da koronavirusa 230 yeni yoluxma faktı qeydə alınıb, o baxımdan müddətin uzadılmasına ekspertlər necə yanaşır?

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, hökumətin xüsusi karantin rejimini uzatması doğru addımdır: “Nəzərə almaq lazımdır ki, bu dəfə qaydalar xeyli yumşaldıldı. İri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət göstəriləcək. Nəticədə xeyli sayda vətəndaşın məşğulluğu təmin ediləcək. Bu, kifayət qədər ciddi yumşalmadır. Bütün bunlarla yanaşı, müəyyən məhdudiyyətlərin saxlanılması düzgün addımdır. Nəzərə almaq lazımdır ki, koronavirus təhlükəsi hələ tam aradan qalxmayıb. Hər gün virusa yoluxanlar olur. Düzdür, Azərbaycanda bir sıra ölkələrlə müqayisədə vəziyyət kritik deyil. Elə ölkələr var ki, orada pandemiya çox ciddi fəsadlara səbəb olub. Ancaq buna baxmayaraq arxayınlaşmaq olmaz. Ehtiyac yaranarsa, iyunun 15-də digər məhdudiyyətlər də ləğv ediləcək. Bu isə proseslərin gedişindən asılı olacaq”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com