Azərbaycanın Xarkovdakı fəxri konsulluğu pandemiya dövründə yardımlarını davam etdirir

Azərbaycanın Xarkovdakı fəxri konsulluğu pandemiya dövründə yardımlarını davam etdirir

Xarkov, 30 may, AZƏRTAC

Azərbaycanın Xarkovdakı fəxri konsulluğu yeni koronavirus infeksiyası ilə bağlı Ukraynada yaşayan soydaşlarımız və Azərbaycan vətəndaşlarına, o cümlədən orada təhsil alan tələbələrə silsilə yardımlar edir.

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi və Ukraynadakı səfirimiz Elmira Axundovanın təşkilatçılığı ilə yardıma ehtiyacı olan soydaşlarımızın siyahısı tutularaq lazımi köməkliklər göstərilib. Fəxri konsulluq Xarkovda 20-dən artıq aztəminatlı ailəyə maliyyə və ərzaq yardımı edib. Bundan başqa ehtiyacı olan azərbaycanlı tələbələrin kirayə pulu ödənilir. Eyni zamanda Sumı və Xarkov vilayətlərində fəaliyyət göstərən xəstəxanalara qoruyucu vasitələr, tibbi ləvazimatlar göndərilib. Təkcə xəstəxanalara 46 mindən artıq tibbi maska hədiyyə edilib. Bir neçə min maska isə Sumı vilayəti sakinlərinə paylanılıb.

Xarkov rayon Şurasının rəhbəri Maksim Litvinenko nəcib təşəbbüsü göstərdiyinə görə, dövlətimizə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan dövləti, onun buradakı fəxri konsulu Əfqan Salmanov Ukraynaya öz maddi və mənəvi dəstəyini əsirgəməyib.

Xarkovda təhsil alan azərbaycanlı tələbələr və aztəminatlı soydaşlarımız ölkəmizin səfirliyinin və Xarkovdakı fəxri konsulluğun onlarla daim əlaqə saxladığını qeyd edərək, Prezident İlham Əliyevə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildiriblər.

Fəxri konsul bildirib ki, Sumı və Xarkov vilayətlərində yaşayan soydaşlarımıza və Azərbaycan vətəndaşlarına bu yardımlar davam etdiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Xarkov

Mənbə: azertag.az