Sosial şəbəkələrdəki mümkün təhlükələrə son- TƏHLİL

Sosial şəbəkələrdəki mümkün təhlükələrə son- TƏHLİL

Yeganə Hacıyeva: "Kənar qüvvələrin əlində daxildə təsir alətinə çevrilən sosial şəbəkələr əvvəl- axır tənzimlənməli idi"

Zaman-zaman sosial şəbəkələrin getdikcə təhlükə mənbəyinə çevrildiyi barədə fikirlər səsləndirilir, faktlar ortaya qoyulur. Hər hansı bir hadisənin sosial şəbəkə vasitəsilə tamamilə reallıqdan kənar təqdim edilməsi, bununla da cəmiyyətdə yalnış fikrin formalaşdırılmasının qarşısının alınması məqsədilə müxtəlif təkliflər irəli sürülsə, sosial şəbəkədən istifadəyə bəzi məhdudiyyətlərin tətbiq olunması təşəbbüsü səslənsə də, lakin onun reallaşması mümkün olmayıb. Bir qayda olaraq iddia edilib ki, bu sahədə hər hansı bir məhdudiyyətin tətbiqi fikir, söz azadlığının pozulması demək olar və Qərbdə, Avropada düzgün qarşılanmaz. Ancaq indi görürük ki, sosial şəbəkə təhlükəsi okeanın o tayında da ciddiyə alınır və bu günlərdə Ağ Ev rəhbəri Donald Trampın imzaladığı "Onlayn senzuradan müdafiə barədə" Sərəncam belə deməyə əsas verir.

Sərəncama əsasən nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur və bununla da "təhlükəli güc" tətbiq edirlər. "Twitter", "Facebook", "Instagram" və "YouTube" informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə qarşı selektiv yanaşmalar tətbiq edirlər. Trampa görə, xüsusilə "Twitter" ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin "siyasi aləti" kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur. Onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər.

Artıq Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb. Ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir.

Ona görə də sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan bu qlobal prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməlidir.

 

Elə əksər ekseprtlər də belə düşünür. Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva isə deyib ki, ABŞ prezidenti Donald Trump paylaşdığı iki tvitə faktlara uyğun gəlməmək etiketini qoymasından sonra sosial şəbəkələrdə paylaşımların nəzarətə götürülməsini hədəfləyən sənəd imzalaması gözlənilməz deyil. Onun sözlərinə görə, kənar qüvvələrin əlində daxildə təsir alətinə çevrilən sosial şəbəkələr əvvəl- axır tənzimlənməli idi və sənəd sonuncu olmayacaq: "Ancaq mənə maraqlı odur ki, Azərbaycanda az qala küçədə baş verən hər insidentə mövqe bildirən Amnesty International, Human Rights Watch hələ buna mövqe bildirməməsidir. Sosial medianın qlobal səviyyədə siyasətə gətirdiyi bir sıra üstünlüklər oldu. Bütün dünya bu üstünlüklərdən həm istifadə etdi həm də sui-istifadələr oldu.

Sui-istifadələrdən biri məhz "sosial mediada populyardır" arqumenti idi. Son 10 illik bütün dünyada bu arqument üzərindən siyasi şantaj, siyasi dələduzluq, siyasi çapolçuluğa əsas olmaqla keçdi. Amma bu proses artıq bitdi. Proseslər "sosial mediada populyarlıq" dan , "sosial mediada populyarlığın cəmiyyətlərə faydalığı" əmsalının müəyyənləşməsinə keçid etdi. Bizdə də belələri var. Özlərini minlərlə insanın sevgisinin, dəstəyinin ünvanı kimi qələmə verən, özləri də buna inanan və s.". Yeganə Hacıyeva bildirib ki, texnoloji inkşafın müasir insana faydalılığı 80-90 cı illərdə ilişdi qaldı: "21-ci əsrdə şəkərin, xərcəngin, spidin dərmanını tapmayan, bir virusla bacarmayan texnoloji inkşaf internet üzərindən "düşünməyi bacarmayan, ancaq ona diqtə edilən mövzuları "kliklə, laykla" müzakirə edən, özünə, sözünə, gələcəyinə məsuliyyətini itirən yeni nəsil formalaşdırdı. Bir neçə gün bundan öncə bütün dünyada sosial medianın inkşaf pilləsində onun cəmiyyətlərə faydalılığı mərhələsinə keçid etməsi haqqında yazmışdım. Bu proses dayanmayacaq. İnternet, sosial media texnoloji inkşafının bir hissəsi kimi cəmiyyətlərin inkşaf və sabitliyinə xidmət etməlidir və əgər bir dövlətin KİV və elektron medianın tənzimlənmə siyasəti mövcuddursa, əsas təbliğat aləti olan sosial mediada tənzimlənmə siyasəti mütləq olmalıdır. İfadə azadlığının təminatı üçün nəzərdə tutulan imkanlar heç bir halda dezinformasiyanın yayılması üçün vasitə və alət olunmamalıdır".

Ekspert deyib ki, Trampla başlayan bu proses diğər ölkələrdə də davam edəcək və bütün dünyada dezinformasiya ilə mübarizədə sosial medianın tənzimlənməsi üçün yeni qaydaları qəbul ediləcək və ya mövcud qaydalar sərtləşəcək: "Azərbaycanda da həmçinin".

Süleyman

Mənbə: olaylar.az