Hazırlıq kursları açılsın - BU ŞƏRTLƏR və SAATLARDA

Hazırlıq kursları açılsın     - BU ŞƏRTLƏR və SAATLARDA

Mayın 18-dən 31-dək qrup halında fərdi tədris və repetitor xidmətləri (evdə repetitorluq) dayandırılıb.

Buta.ws Baku.ws-ə istinadən xəbər verir ki, mövcud durumda ali məktəblərə hazırlaşan bir çox şagird problemlə üzləşib.

Aprelin 27-dən etibarən repetitorların fəaliyyətinə qismən icazə verilsə də, qrup halında şagirdlərin hazırlıq kurslarına getməsi qadağandır. Hazırlıq kurslarının fəaliyyət göstərməməsi nəticədə şagirdlərin kütləvi şəkildə dərslərini müəllim nəzarətində təkrarlaya, imtahanlarda düşəcək proqramı mənimsəyə bilməməsi ilə nəticələnib.

Mövcud durumda hazırlıq kurslarının tez bir zamanda fəaliyyətinin mümkün bərpası ilə bağlı Milli Məclisin Elm və Təhsil komitəsinin sədr müavini Musa Qasımlıya müraciət etdik. Deputat BAKU.WS-ə bildirdi ki, qoruyucu tələblərə ciddi riayət etməklə konkret saatlarda hazırlıq kurslarının fəaliyyətinə icazə verilməsi faydalı olardı:

“Koronavirus pandemiyasının ölkədə yaratdığı mövcud vəziyyəti möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlət və hökumət qurumlarımız, heç şübhəsiz, xırdalığına qədər daha dəqiq bilir. Heç kimə sirr deyil ki, insanların 10 nəfərdən artıq toplaşdığı yerdə virusa yoluxma riskləri artır. Ona görə də ilk növbədə, vətəndaşların sağlamlığını qorumaq zərurəti əsas götürülərək təhsil müəssisələrinin açılmaması barədə qərar verilib. Müvafiq qərar hazırlıq kurslarına və idman zallarına da aiddir. Məlum olduğu kimi, bu gün hazırlıq kursları və idman zalları işləmədikləri üçün dövlət büdcəsinə vergi də vermirlər.

Hesab edirəm ki, qoruyucu tələblərə (maska, məsafə gözləmək, dezinfeksiya vasitələri və s.) ciddi əməl etməklə müəyyən edilmiş konkret saatlar çərçivəsində sayı 10 nəfərdən az olmaqla həm hazırlıq kurslarının, həm də idman zallarının fəaliyyətinə icazə verilməsi məsələsinə baxmaq faydalı olardı. Bununla təhsilimizdə yaranmış gerilik qismən aradan qalxar, idman və bədən tərbiyəsi tədricən qaydasına düşər və dövlət büdcəsinə vergi də daxil olardı. Ancaq bütün bunlar ümumi işə qətiyyən əngəl törətməyə gətirib çıxarmamalıdır”.

Təhsil eksperti Elçin Əfəndi BAKU.WS-ə bildirdi ki, mövcud durumda hazırlıq kurslarının açılması labüddür: "İyun ayında 9-cu və 11-ci siniflərin buraxılış imtahanı olacaq, iyul ayının 23-dən sonra isə ali məktəblərə 1-ci, 2-ci, 3-cü, 4-cü qruplar üzrə blok imtahanları keçiriləcək. Hazırda abituriyentlər mart ayından bu yana dərslərə qoşula bilmirlər.

Keçirilən dərslər sadəcə onlayn formadadır. Hazırlıq kurslarında iştirak edən şagirdlərin hamısı bu onlayn dəsrlərə qoşula bilmirlər. Əgər kurslara gələn 50 şagirddən 30-u bu kurslara qoşul bilmirsə, onda imtahanın nəticələrinə ciddi təsir edir.

Mövcud durumda hazırlıq kurslarının açılması labüddür. Şərait yaradılmalıdır ki, abituriyentlər kurslara üz tuta bilsin. Kurslarda isə TƏBİB-in açıqladığı izolyasiya qaydaları, müəyyən dezinfeksiya vasitələri və tibbi maskalar istifadə olunmalıdır. Həmçinin sinif otaqlarında məsafə də qorunmalı, bir masada yalnız bir nəfər əyləşməlidir. Bu şərtlərdə abituriyentlərin hazırlıq kurslarına getməsi mümkündür.

Əgər kursların fəaliyyəti bərpa olunarsa, 13:00-17:00 aralığında dərslərin keçirilməsi məqsədəuyğun olardı. Bu zaman şagirdlər şəhərdə tıxaca düşməyəcək və normal halda kurslara gedib-gələcəklər.

Belə olan halda həm təhsilinin səviyyəsinin aşağı düşməsinin qarşısı alınacaq, həm də qəbul imtahanları ilə bağlı nəticələrə müsbət təsir olacaq.

Kursların açılmasını vacib edən digər məqam isə budur ki, abituriyentlərdən əlavə xaricdə təhsil üçün dil kurslarına hazırlaşanlar, müəllimlərin işə qəbulu imtahanlarına, dövlət qulluğuna hazırlaşanlar da var. Bütün bunların keçirilməsi üçün hazırlıq kurslarının fəaliyyətinin bərpası şərtdir.

Mənbə: buta.ws