Aydın Mirzəzadə: Sosial şəbəkələr dünyada böyük auditoriya toplasa da onların mənfi tərəfləri də ortaya çıxıb

Aydın Mirzəzadə: Sosial şəbəkələr dünyada böyük auditoriya toplasa da onların mənfi tərəfləri də ortaya çıxıb

Sosial şəbəkələr dünyada böyük bir auditoriya toplasa da onların mənfi tərəfləri də ortaya çıxıb.

Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrin neqativ tərəfləri narahatlıq yaradır:

"Amerika Birləşmiş Ştatları kimi bir dövlətdə prezident bu məsələdən narazıdır. Donald Tramp artıq bununla bağlı müəyyən addımlar atıb. Bəzi insanlar və müəyyən qruplar məqsədli surətdə yalan yaymaq, qarşıdurma yaratmaqla cəmiyyətə, dəyərlərə qarşı qeyri-qanuni yollarla çıxış edirlər. ABŞ prezidenti bu məsələ ilə bağlı problemlərin yarandığını deyir. Belə üsulla çağırışlar edən şəxslər onlara qarşı tədbirlər görəndə özlərinə qarşı təzyiq edildiyini deyir. Onlar həmin şəraitdə özlərini toxunulmaz kimi hiss edirlər".

Millət vəkili deyib ki, Azərbaycan da bu sahədə həm müsbət, həm də acı təcrübə toplayıb:

"Nəinki ölkəmizdə, hətta ölkədən kənarda insanlar Azərbaycan dilini yaxşı bilən müəyyən qrupların tapşırığı ilə yalan və böhtan yaymağa, vətəndaş qarşıdurması yaratmağa çalışırlar. Bunlar yolverilməz məsələlərdir. Bunlar müzakirə edilməlidir. Sosial şəbəkənin Azərbaycan seqmentində kifayət qədər bu cür hallara rast gəlirik. Böhtan, yalan, qarayaxma, uydurma müxalif dairələrin əlində bir alətə çevrilib. Hesab edirəm ki, sosial şəbəkənin dəyərliliyini qoruyub saxlamaqla, onun insan həyatının vacib bir hissəsinə çevrilməsinə dəstək verməklə yanaşı, neqativ halların da qarşısını almaq üçün ciddi düşünmək lazımdır. Bu baxımdan Donald Trampın qərarı dəstəklənməlidir".

Mənbə: az.trend.az