Uşaqlarda koronavirusun yüngül keçməsinin səbəbi nədir? Pediatrdan AÇIQLAMA

Uşaqlarda koronavirusun yüngül keçməsinin səbəbi nədir? Pediatrdan AÇIQLAMA

Uşaqlar da böyüklər kimi koronavirusa yoluxurlar və onlarda da Covid-19-un simptomları özünü göstərir. Çinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin apardığı tədqiqatların nəticələrinə görə, Çində 19 yaşından aşağı olan uşaqlarda koronavirus xəstəliyi Covid-19-a yoluxan 72 314 nəfərdən 2% təşkil edir. ABŞ tədqiqatçılarının gəldiyi nəticəyə görə, ABŞ-da koronavirusa yoluxanlar arasında uşaqlar 1% təşkil edib və 508 xəstə uşaq arasında heç bir ölüm hadisəsi olmayıb.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr, Mərkəzi Gömrük Hospitalının həkimi Nigar Mirzəyeva bildirib. Pediatr qeyd edib ki, dünya statistikasında uşaqlar arasında koronavirusla bağlı xəstəxanalarda yatış və ölüm sayı çox azdır. Bütün yaş qruplarından olan uşaqlarda xəstəliyin ağır keçirmə göstəricisi böyük yaş qrupunda olan insanlara nisbətən 1% təşkil edir.

Onun sözlərinə görə, koronavirus uşaqlarda əsasən simptomsuz keçir, simptomlu xəstələrdə isə əlamətlər əsasən yüngül qızdırma, burun axıntısı və öskürək şəklində özünü göstərir. Böyüklərdə olduğu kimi, uşaqlar da bu virusdan sağaldıqdan sonra bu, onların gələcək həyatlarında özünü göstərmir: ""Journal of the American Medical Association" tibb jurnalında dərc edilmiş araşdırmalarda virusun əsasən 50-60 yaşlı insanları yoluxdurduğu bildirilir və ən sıx görülən fəsadı - kəskin ağciyər sıxılma sindromudur. Bu zaman virusa qarşı orqanizmin immun sistemi daha güclü müqavimət göstərir. Ağciyərlərdə maye və immunitet hüceyrələrinin toplanması - "sitokin partlaması" baş verir və oksigen diffuziyasını blokada edir. Aparılan bəzi araşdırmalar göstərir ki, uşaqlarda koronavirusun yüngül keçməsinin səbəbi immun sisteminin hələ inkişafda olması ilə bağlıdır".

Pediatr bildirib ki, koronavirusa yoluxma baxımından risk qrupuna əsasən südəmər uşaqlar (1 yaşa qədər), anadangəlmə ürək qüsuru olan uşaqlar, xroniki böyrək problemi olanlar, onkoloji xəstəlik nəticəsində kimya terapiyası alan uşaqlar və orqan transplantasiyası əməliyyatı keçirən uşaqlar aiddir.

Mütəxəssis COVİD-19 xəstəsi olan hamilə qadından körpəyə virusun keçib-keçməməsi barədə danışaraq deyib ki, Çinin Uhan şəhərində, həmçinin Northüestern Universtetində koronavirusa yoluxmuş hamilə qadınlar üzərində aparılan tədqiqatların nəticələri koronavirusin hamilə qadından körpəyə keçmədiyini göstərir: "Həmçinin, dünyanın nüfuzlu həftəlik "The Lancet" tibb jurnalında yayımlanan çalışmalarda da koronavirusun ana bətnindən cift yolu ilə körpəyə keçmədiyi müəyyən olunub".

Pediatr vurğulayıb ki, uşaqları koronavirusdan qorumaq üçün öncə valideynlər özləri gigiyenik qaydalara əməl etməlidirlər. Dırnaq, əl gigiyenasına diqqət etməli, evə gələrkən mütləq geyimlərini dəyişməli və digər lazımi tədbirləri görməlidirlər. Uşaqlar da tez-tez əllərini yumalıdır. Həmçinin, uşaqlara sosial məsafələrin saxlanması qaydaları, öskürək və ya asqırma zamanı dirsək ilə ağızın bağlanması lazımdır: "1 yaşına qədər olan uşaqlar hər bir şeyi ağızlarına apardıqlarına görə oyuncaqların, paltarların gigeniyasına diqqət edilməlidir, uşaq paltarları 60-90 dərəcədə yuyulmalıdır. Burada bir vacib məsələni də qeyd etmək istərdim ki, bu dönəmdə rutin peyvəndlərin vaxtında vurulmasının çox böyük əhəmiyyəti var. Bütün bunlara əməl edən valideynlər öz uşaqlarını Covid-19-dan qoruya bilərlər".

Mənbə: news.milli.az