Tibbi maskadan istifadə etməyənləri nə qədər cərimə gözləyir? - AÇIQLAMA

Tibbi maskadan istifadə etməyənləri nə qədər cərimə gözləyir? - AÇIQLAMA

İctimai yerlərdə tibbi maskadan istifadə etməyənlər cərimələnəcəklər.

Xezerxeber.az-ın məlumatına görə, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilib.

Millət vəkili Kamal Cəfərov deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı və TƏBİB vətəndaşlara tibbi maskadan istifadəni tövsiyə edib. Amma görünən odur ki, bəzi vətəndaşlar buna laqeyd yanaşırlar. Bu səbəbdən metodik göstərişlərə əməl etməyənlərə qarşı cərimələrin tətbiq olunması zərurəti yaranıb.

Qeyd edək ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi dövrü başa çatanadək şəxs tərəfindən bu əməl təkrar olunarsa, cərimənin məbləği iki qat artacaq. Yəni fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat məbləğində cərimələnəcəklər.

Millət vəkili Kamal Cəfərov deyib ki, təklif edilən dəyişikliyin məcəlləyə əlavə maddə formasında daxil edilməsi nəzərdə tutulur. Yəni xüsusi karantin rejiminin pozulması 211-ci maddə ilə tövsif olunursa, maska taxmamağa görə maddə fərqli olacaq.

Kamal Cəfərov bildirib ki, layihə hazırlanarkən cərimənin məbləği Avropa ölkələri ilə müqayisəli şəkildə komitənin iclasında müzakirə edilib. Onun fikrincə, tətbiq ediləcək cərimənin məbləği elə də çox deyil.

Təklif edilən dəyişikliyə vətəndaşların münasibəti isə birmənalı deyil.

Qeyd edək ki, maskadan istifadə tələblərinin pozulmasına görə təklif edilən dəyişiklik komitədə müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə: big.az