Ultrasəs müayinəsinin hansı ziyanı var?

Ultrasəs müayinəsinin hansı ziyanı var?

Hazırda ultrasəs müayinəsi tibbdə aparılan əsas müayinə üsullarından biridir. Bəzən pasiyentlər USM adı eşidəndə düşünürlər, bu müayinə onların daxili orqanlarını şüalandırır, ona görə də zərər verə bilər. Amma belə deyil. Bu müayinə metodu orqanizmə zərər vurmadan daxili orqanlar və boşluqlar haqqında dəqiq məlumat vermək imkanına malikdir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-sonoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Günay Əhmədova deyib.

Həkim bildirib ki, USM aparatı orqana yönəldilmiş ultrasəs dalğalarının əks olunma tezliyini qeydə almaqla orqanın ölçüsü, forması, exogenliyi və s. barədə informasiyanı monitorda göstərir: "Yaxşı həkim-sonoloqun hər hansı xəstənin bu və ya digər orqanının vəziyyəti haqqında verdiyi nəticə çox vaxt onun diaqnozunun qoyulmasında həlledici olur. Bəzən erkən onkoloji şişləri məhz ÜSM zamanı görüb vaxtında müalicəyə yönəltməklə xəstənin həyatını xilas etmək mümkün olur. USM-in nəticələrinə müvafiq olaraq xəstəyə qoyulan düzgün diaqnoz onun düzgün müalicə edilməsinə müsbət təsir göstərir. Ultrasəs müayinəsinin xəstələrin sağlamlığına təsirinə gəldikdə, bu, bütün xəstələri düşündürən sualdır. Amma mən tam məsuliyyəti ilə deyə bilərəm ki, USM-in insan orqanizminə heç bir mənfi təsiri, fəsadı yoxdur. Bütün dünyada geniş tətbiq olunan bu müayinələrin tam zərərsiz olduğu təsdiqlənib. Ultrasəs aparatının iş prinsipi ultrasəs dalğalarına əsaslanır və bu səs dalğaları orqanlarda fərqli şəkildə görüntülər əks etdirir və biz o görüntülər əsasında diaqnozu qoyuruq. Bu səs dalğaları insan qulağının eşidə bilməyəcəyi dalğalardır. Tibbin bütün sahələrində US müayinəsi, US görüntülənməsi geniş istifadə olunan müayinələr metodudur, zərərsizdir. Təbii ki, bu müayinə zərərli olsaydı, hamilələrdən tutmuş yeni doğulmuş körpələrə və hər yaşda olan insan qrupuna tətbiq olunmazdı. Məsələn, hamilə qadınlar hər gün və ya iki gündən bir USM-dən, dopplerdən keçməzdilər. Biz onları ginekoloqlarla bərabər təqibdə saxlayırıq. Qaldı ki, hansı fasilələrlə USM-dən keçmək məsələsi, mən demək istəyirəm ki, təqibli xəstələrdə müayinələr arasında ən qısa interval 6 ay olmalıdır".

Mütəxəssis vurğulayıb ki, hər bir vətəndaş heç olmasa ildə 1 dəfə profilaktik müayinə olunmalıdır: "Yaxşı olardı ki, hər bir kəs, sağlamlığı ilə bağlı heç bir şikayəti olmasa da, 6 ayda bir dəfə profilaktik olaraq müayinədən keçsin. Məsləhət görərdim ki, qadınlar 37 yaşdan sonra ildə 1 dəfə süd vəzisinin müayinəsindən keçsinlər. USM bir profilaktik müayinə kimi çox əvəzsiz metoddur. Hamının mütəmadi olaraq USM müayinəsindən keçməsini məsləhət görürəm. Bu, xəstəlikləri erkən dövrdə aşkar etmək üçün ən yaxşı vasitədir".

Mənbə: news.milli.az