Aksiyalarla əlaqədar ABŞ-ın Atlanta şəhərinə 1500 nəfərlik milli qvardiyaçılar göndəriləcək

Aksiyalarla əlaqədar ABŞ-ın Atlanta şəhərinə 1500 nəfərlik milli qvardiyaçılar göndəriləcək

ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar baş qaldıran kütləvi iğtişaşların ardınca Atlanta şəhərində də (Corciya ştatı) etiraz aksiyaları keçirilib və aksiyalar zamanı beş nəfər, həmçinin dörd polis əməkdaşı xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı yerli polisə istinadən məlumat yayıb.

Bildirilir ki, aksiya iştirakçıları şəhərin ən məşhur ticarət mərkəzinə hücum edərək, mağazaları qarət ediblər. Polisə, həmçinin iğtişaş iştirakçıları tərəfindən törədilən silahlı insidentlər barədə də məlumatlar daxil olub. Nəticədə bir nəfər odlu silah yarası alaraq xəstəxanaya yerləşdirilib.

İğtişaşlardan sonra ictimai asayişi qorumaq məqsədilə Corciya ştatının qubernatoru Brayan Kemp 1500 nəfərlik ABŞ Milli Qvardiyası döyüşçülərinin Atlantaya göndərilməsi barədə fərman imzalayıb. Bu barədə qubernator özünün “Twitter” səhifəsində yazıb.

“Ştat rəhbərliyi və yerli hakimiyyət orqanları Atlantada ictimai təhlükəsizliyi və sülhü təmin etmək üçün birlikdə çalışırlar. Mən şəhərdə asayişə dəstək verilməsi və qanunsuz əməllərin qarşısının alınması üçün 1,5 minlik Milli Qvardiya döyüşçülərinin səfərbərliyi haqqında fərman imzaladım”, - deyə qubernator bildirib.

Mənbə: apa.az