Yaponiya dörd ölkənin vətəndaşları üçün giriş məhdudiyyətlərini yüngülləşdirə bilər

Yaponiya dörd ölkənin vətəndaşları üçün giriş məhdudiyyətlərini yüngülləşdirə bilər

Tokio, 31 may, AZƏRTAC

Yaponiya hökuməti koroanvirus pandemiyası ilə əlaqədar Vyetnam, Avstraliya, Yeni Zelandiya və Tailand vətəndaşları üçün ölkəyə giriş məhdudiyyətlərini yüngülləşdirə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 31-də “Yomiuri shimbun” qəzeti məlumat yayıb.

Bildirilir ki, Yaponiya hökuməti virus yoluxmasının azalmasının qeydə alındığı həmin ölkələrlə iqtisadi əməkdaşlığı tezliklə bərpa etməkdə maraqlıdır. İlkin məlumatlara görə həmin ölkələrdən gələn vətəndaşlar koronovirus testindən keçməlidirlər. Yaponiyaya gəldikdən sonra onlardan koronovirusla bağlı əlavə analizlər götürüləcək və yalnız bundan sonra ölkəyə girmək icazəsi veriləcək. Müvafiq məhdudiyyətlərin yay ərzində yüngülləşdiriləcəyi gözlənilir.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar Yaponiya 100-dən artıq ölkədən gəlişə qadağa qoyub. Həmin siyahıda Azərbaycan da daxil olmaqla, ABŞ, Aİ ölkələri, Çin, Cənubi Koreya, Rusiya, Belorus, Ukrayna və digər ölkələr də var. Baş nazir Şinzo Abe mayın 25-də həmin qadağanın iyunun sonunadək qüvvədə olacağını bəyan edib.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, Yaponiyada ümumilikdə koronavirusa yoluxanların sayı 17 min 500 nəfəri keçib. Onlardan 14 min 400-nün sağaldığı, 900-dən çoxunun isə həyatını itirdiyi bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az