“Əlyazmalar yanmır” jurnalı beynəlxalq indeksləşdirmə bazasına daxil edilib

“Əlyazmalar yanmır” jurnalı beynəlxalq indeksləşdirmə bazasına daxil edilib

ProQuest-ExLibris beynəlxalq təşkilatının (ABŞ-İsrail) “UlrichsWeb” indeksləşdirmə sistemi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmalar yanmır” jurnalının qiymətləndirilməsi işini tamamlayıb və jurnal adıçəkilən bazaya daxil edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, artıq “Əlyazmalar yanmır” jurnalının buraxılış məlumatları və bütün nömrələri elektron şəkildə “UlrichsWeb” bazasına transfer olunub. Bu isə 80 ölkənin 7500-dən çox elm və təhsil müəssisəsində, o cümlədən universitet, informasiya mərkəzi və kitabxanalarda jurnalın elektron versiyasından istifadəyə imkan verir.

“UlrichsWeb” dünyanın ən geniş beynəlxalq elmi indeksləşdirmə bazalarından biridir. 1932-ci ildə ABŞ-da yaradılan bu sistem 1980-ci ildən dünyanın nüfuzlu ali təhsil ocaqlarından olan Yerusəlim Yəhudi Universitetinin (İsrail) “ExLibris”, ABŞ-ın “ProQuest” təşkilatlarının və Konqres Kitabxanasının birgə elmmetrik konqlomeratına çevrilib. Hazırda “UlrichsWeb”də 90 min mənbə, 6 milyon rəqəmsal sənəd, o cümlədən son altı əsrdə (1450-ci ildən etibarən) hazırlanmış, nəşr olunmuş kitab və məqalələrin elektron variantı, son 3 əsrdə nəşr olunmuş qəzetlərin 20 milyon səhifəsi, 3 milyon dissertasiya, 450 min e-kitab və digər annotasiyalaşdırma, elmmetrik sistemlərin (Clarivate Analytics-in Web of Science, Elsevier-in ScienceDirect və OCLC-nin WorldCat bazaları), hətta Böyük Britaniya Kral arxivinin informasiya massivləri mühafizə olunur, abunə yolu ilə dünyanın aparıcı elm və təhsil müəssisələrinə təqdim edilir.

Mənbə: azertag.az