İstanbulda daha iki xəstəxana binası istifadəyə verilib

İstanbulda daha iki xəstəxana binası istifadəyə verilib

İstanbul, 31 may, AZƏRTAC

İstanbulda daha iki xəstəxana binası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, tibb müəssisələrinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan pandemiyanın dünya, o cümlədən Türkiyə iqtisadiyyatına təsirindən danışıb. Qeyd edilib ki, ölkə iqtisadiyyatında bu ilin ilk rübü ərzində 4,5 faiz artım müşahidə edilib. Bildirilib ki, mövcud vəziyyətlə bağlı bu sahədə ikinci rübün ilk yarısında dalğalanmaların olmasına baxmayaraq, pandemiyanın ardından yenidən qurulacaq dünya iqtisadiyyatında Türkiyə çox əlverişli bir mövqedə yer alacaq. Türkiyənin dövlət başçısı ölkədə iyunun birindən etibarən genişləndirilən yumşaltma tədbirləri ilə sənaye, kənd təsərrüfatı, ticarət, turizm olmaqla hər sahədə sürətli bir bərpa prosesinin başladıldığını vurğulayıb.

İstanbulun Yeşilköy rayonunda yerləşən “Professor Murat Dilmener” adına fövqəladə vəziyyət xəstəxanasının təməli aprelin 9-da qoyulub. 1008 nəfər üçün nəzərdə tutulan tibb müəssisəsi eyni zamanda səhiyyə turizmi sahəsində də fəaliyyət göstərəcək. Qısa zamanda inşa edilən xəstəxana binasının ümumi ərazisi 125 min, əsas binasının sahəsi isə 75 min kvadratmetrdir.

Açılışı olan digər xəstəxana isə şəhərin Hadımköy rayonunda yerləşir. “Doktor İsmail Niyazi Kurtulmuş” adına bu, xəstəxana binası 1891-ci ildə inşa edilib. Yenidənqurma işlərindən sonra bu tarixi tibb müəssisəsi təkrar vətəndaşların istifadəsinə verilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az