“Cənazəni gətirəndən bir gün qabaq məni aldatdılar ki...” – Şəhid kəşfiyyatçının xanımı danışır

“Cənazəni gətirəndən bir gün qabaq məni aldatdılar ki...” – Şəhid kəşfiyyatçının xanımı danışır

Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid kəşfiyyatçımız Tural Qurbanova həsr olunub.

Tural Gürşad oğlu Qurbanov. 1992-ci il sentyabrın 11-də Kürdəmir rayonunun Sığırlı kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanıb. Xidməti başa vurduqdan sonra hərbi hissədə qalaraq kəşfiyyatçı kimi xidmət göstərib.

Gizir Tural Qurbanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Doğulduğu kənddə dəfn olunub.

Tural Qurbanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə (ölümündən sonra) təltif edilib.

Yadigarlar

Otağın pəncərəsindən süzülən günəş şüaları altında iki balaca qızcığaz qaçışır. Dünyadan və ətrafda baş verənlərdən xəbərsiz bir-birlərini qıdıqlayıb gülüşür, masanın üstündəki meyvələrdən bir-iki dişləm alıb kənara tullayırdılar. Anaları əlləri dizinin üstündə onlara baxır, hərdən gülümsəyir, hərdən də içindəki əbədi narahatlığı xatırlayıb gülümsəməsini özündən uzaqlaşdırır. Qızlardan ən böyüyü masaya yaxınlaşıb ora səpələnən şəkillərdən birini götürür. “Ata, ata” deyib şəkli dodağına yapışdırıb öpür, sonra masaya qoyub ordan uzaqlaşır, oyununa davam edir.

Bu balaca qızcığazlar 2016-cı il aprel döyüşlərində şəhid olan Tural Qurbanovun qzılarıdı. Tural onları sonuncu dəfə evdə qoyub gedəndə, onlar hər ikisi indikindən çox balaca idilər. Zəhranurun iki yaşı vardı, Zeliha isə on aylıq idi. İndi gün-gündən böyüyən bu qızlar hələ atalarının yoxluğunun, onların ucaldığı məqamın yüksəkliyini dərk etmək gücündə deyillər. Ancaq nə vaxtsa onla ata yoxluğu ilə bərabər, bu ucalığın da fərqinə varacaq, qürur duyacaqlar.

Afaq xanım həyat yoldaşından sonrakı həyatı iki qız övladına sığınaraq yaşamağa davam edir.

- Tural orta məktəb illərindən hərbə, vətənə qarşı istəkli olub. Hətta bir dəfə Cəmşid Naxçıvanski adına məktəbə də imtahan verib, amma ordan kəsilib. Ona görə də xidməti bitirdikdən sonra ona hərbi davam etdirmək təklif olunanda dərhal razılaşıb. Ailədə iki qardaş, bir bacı olublar. Tural evin böyüyü idi. Şəhid olanda 23 yaşı yenicə tamam olmuşdu. Biz çox tez ailə qurmuşuq. Tural mənim xalam oğlu idi. Amma biz bir-birimizi çox az-az görmüşük. Bir-birimizə o qədər uzaq olmuşuq ki, bizim sevgimiz də yad adamların sevgisi kimi başlayıb. Mən başqa xalamgilə qonaq gedəndə Tural məni orda görmüşdü. Sonra tez-tez zəng vurmağa, mesaj yazmağa başladı. Mənə də qəribə gəlirdi ki, bu niyə mənimlə belə əlaqə qurmağa can atır. Hər dəfə zəng vuranda telefonu anama verirdim ki, gör nə deyir. Mən biləndə ki, Turalın məndən xoşu gəlib, çox təəccüblənmişdim. Həm də mən yaşda ondan böyük olduğum üçün Turala uşaq kimi baxırdım. Amma o, fikrində qəti olub. Bir gün baldızım mənə dedi ki, Turalın səndən xoşu gəlir, səninlə evlənmək istəyir. Xalamqızı ona demişdi ki, Afaq şəhər qızıdı, səndən böyükdü, mətbəx işlərində tənbəlliyi var. Amma Tural demişdi ki, mən onu bütün halı ilə qəbul edirəm.

Sevgi

Onlar əvvəlcə telefon vasitəsi ilə əlaqə yaradırlar. Gün keçdikcə hər ikisi münasibətlərini ciddiləşdirmək istəyirlər. Turalın ailəsi elçi gəlir, Afaqın razılığını alırlar. 2012-ci ilin may ayında onlar nişanlanır. 2013-cü ilin mart ayında isə ailə qurub Bakıda yaşamağa başlayırlar. Ancaq Afaqın özünün də vurğuladığı kimi hərbçi xanımı olmaq o qədər asan olmur. Həsrət, intizar, darıxmaq onların həyatına daxil olur. Onların ard-arda iki qız övladı doğulur. Hər gün hərbi hissəyə gedib, axşamlar evinə qayıdan Tural ailəsi ilə birgə xoşbəxt həyatını yaşayır.

- Tural da, mən də namaz qılırdıq. Bəzən elə olurdu ki, o, gecəni evə gələ bilmirdi. Səhər işə gedəndə mənim üçün dualar oxuyub gedirdi. İstəmirdi mən evdə tək qalım. Mən ona dua oxuyub yola salmaqdan, o, edirdi bunu. Onun vətən sevgisini mən dəfələrlə görmüşdüm. Biz həmişə birlikdə namaz qılırdıq. Mən eşidirdim ki, o namaza qılmağa dua ilə başlayıb, dua ilə bitirir. Onun namazdan əvvəl ilk duası torpaqlarımızın işğaldan azad olunması ilə başlayırdı. Həmişə bizimlə söhbət edənə də hiss edirdim ki, vətənə, torpağa nə qədər bağlılığı var. Hərbi xidmətə isə peşə, iş kimi yox, vətən sevgisi ilə yanaşırdı. O, təlimlərə gedəndə bəzən günlərlə evə gəlmirdi, gələndə bir neçə günün içərisində o qədər dəyişilib arıqlayırdı ki, onu tanıya bilmirdim. Amma bir dəfə də olsun gördüyü işdən, onun çətinliyindən şikayət etməzdi. Üzü saqqal basmış, arıqlamış halda təlimlərdən evə qayıdanda evə elə girirdi ki, biz onun yaşadığı çətinlikləri hiss etmirdik. Amma sonralar təlimin çətinliklərindən danışanda mən ondakı dözümə məəttəl qalırdım. Evdə olmayan günlərdə mənim evdə tək qalmağıma razı olmurdu. Ya anasıgilə göndərirdi, ya onlar bizə gəlirdilər. İstəyirdi ki, həmişə onun ailəsinin yanında olum.

Narahatlıq

2016-cı il aprelin ilk günlərində Turalın şəhid olması xəbəri verilsə də onun nəşini ailə aprelin 11-nə qədər gözləyir. Afaq xanım deyir ki, aprelin on birində Turalın anası yuxuda oğlunu görür. Tural iki qızını və xanımını maşınla gətirib atasıgilin həyətinə qoyur, özü isə evə keçməyib geri qayıdır. Oğlunu çox qanıqara görən ana ayılır. Yuxu ilə təsəlli tapır, ürəyində ümid yaranır ki, bəlkə oğlu sağdır, bəlkə yuxudakı kimi geri qayıdacaq...

- O şəhid olanda balaca qızımız on aylıq idi. Hər iki qızını çox sevirdi. Hər dəfə evə gələndə əlində rəngbərəng şarlarla gələrdi. Yoldaşım olduğu üçün demirəm, həqiqətən çox ailəcanlı idi. Tez-tez bizim gəzintilərdə çəkdirdiyimiz şəkilləri çərçivəyə aldırırdı. Onları mənə sürpriz edirdi. O sürprizi hazırlayıb mənə göstərəndə uşaq kimi sevinirdi. Gül-çiçəyi, təbiəti çox sevirdi. Həmişə deyirdi ki, vətən dardadı, amma sizi də canımdan çox sevirəm. Turalın ora-bura getməklə, gəzməklə arası yox idi. Bircə dəfə mənim təkidimlə şəhərə çıxmışdıq. Həmişə də işdən kənar harasa gedəndə mülki geyimdə çıxardı. Amma həmin gün mən ondan çox xahiş etdim ki, hərbi paltarda qalsın. Onda küçədə gəzərkən onun qoluna girmişdim. Bu günə qədər həmin günü hərbçi xanımı olduğum üçün yaşadığım qürur hissini unuda bilmirəm. Hiss edirdim ki, küçədəki insanlar da bizə qibtə hissi ilə baxırlar.

2016-cı ilin aprel döyüşlərindən əvvəl cəbhə xəttinə yaxın olan, hərbi hissədə olan hərbçilərimizin bir çoxu kimi Tural da məlum vəziyyətdən xəbərdar idi. Evə gələrkən narahatlığını gizlətməyə çalışsa da, onun gərginliyi Afaq xanımın gözündən yayınmır.

- Ondakı narahatlıqları artıq 2016-cı ilin mart ayından hiss edirdim. Bir dəfə evə gəldi, dedi ürəyim bərk sıxılır, mənə su ver içim. Suyu içəndən sonra bir neçə saat fikirli gəzib dolaşdı. Elə bil özündə deyildi. Mən ona deyirdim ki, nə isə problemin varsa, mənə de, bilim. Dedi, heç nə yoxdur, narahat olma. Mənə çox güvənirdi, amma bununla belə heç vaxt razı olmazdı mən həyatda tək qalım. Hərdən gülə-gülə deyirdi ki, mənim şəhid olmaq vaxtıma hələ var. Elə bil hiss etmişdi ki, çox yaşamayacaq. Mən onu sonradan sevmişdim, ilk baxışdan sevgi olmayıb ona qarşı. Amma indi onun o qədər həsrətini çəkirəm. Ona olan sevgim indi daha çox özünü büruzə verir. Elə peşman olmuşam ki, telefonumdakı mesajlarının silinməsindən. Deyirəm, kaş onların üzünü köçürüb saxlayardım.

Gediş

Tural evlərinə, ailəsinin yanına sonuncu dəfə martın 27-də gəlir. Ailə üzvlərini rayona ata evinə aparır. Yolda onlara deyir ki, təlimə gedir, on gündən daha artıq müddətdə təlimlərdə olacaq. Afaqın əlindən heç nə gəlmir. Amma o da ağlına gəlmir ki, Tural nə zamansa şəhid ola bilər. Ümidlə, intizarla ərinin təlimdən, əslində isə qanlı aprel döyüşlərindən qayıdacağı günü gözləməyə başlayır.

- Yatsam, yuxuma da girməzdi ki, onu bir gün itirə bilərəm. Hər dəfə namaz qılanda dua edirdim, onun salamat qayıtmasını arzulayırdım. Amma yenə də ölüm ağlıma gəlmirdi. Elə bilirdim o, bütün çətinlikləri hətta düşmən gülləsini belə adlayıb keçməyə qadirdi. O, həmişə bütün əməliyyatlardan, təlimlərdən çıxandan sonra mesaj yazırdı. Onda mən arxayın olurdum. Amma son əməliyyata gedəndə heç nə yazmadı. Evdən məni nə qədər aldatsalar da, inanmırdım. Bilirdim ki, sağdırsa, harda olur-olsun, mənə mesaj yazacaq. Ondan isə xəbər çıxmırdı.

Zirvə

Mən onunla aprel ayının 1-nə qədər yazışmışam. Hətta zarafat günü olduğu üçün məni aldatmışdı, yazmışdı ki, gəlirik. Çox sevinmişdim. Sonradan dedi ki, zarafat edirəm. Onunla son yazışmamış aprelin 2-də oldu. Yadıma gəlir ki, mənə son sözü belə oldu. “Haqqınızı halal edin, burda vəziyyət çox pisdir”. Ondan sonra mən ona nə qədər yazdımsa, heç bir cavab gəlmədi.

Tural ertəsi gün, yəni aprelin 3-də şəhid olur. Amma onun ailəsinə bu barədə dəqiq məlumat aprel ayının 10-da verilir. Bu günlər ərzində ailə dərin narahatlıq, təşviş keçirir. Heç kim onun ölümünə inanmır. Ailədə oğlunun ölümün bilən yeganə şəxs Turalın atası olur. O isə oğlunun nəşini təhvil almamış heç kimə heç nə deyə bilmir.

- Aprelin 10-na qədər ondan heç bir xəbər bilə bilmirdik. O günləri yuxu kimi yaşadıq. Mən tamamilə başqa dünyada yaşayırdım sanki. Uşaqlarımdan da xəbərsizdim. Sonralar qayınanam deyir ki, böyük qızım baldızıma deyirmiş ki, bibi acmışam, mənə yemək verin. Təsəvvür edin ki, uşağımın yeməyini bir dəqiqə gecikdirmədiyim halda, onların aclığından belə xəbərsiz olmuşam. O qədər ağlamışdım ki, Turalın cənazəsini gətirəndə ağlamağa heyim qalmamışdı. Gözümdə yaş da qurumuşdu. Turalın nəşini gətirməzdən bir gün əvvəl qayınatam məni zorla evdən çıxarıb anamgilə yola saldı. Mənə dedilər ki, get, anangilə bir az dincəl. Sən demə aldadırmışlar. Ertəsi gün Turalı gətirəcəkdilər. Qorxurdular ki, mənə nə isə olar. Anamgilə gedəndən sonra gözüm ancaq telefonda qalmışdı ki, bəlkə Turaldan nə isə bir xəbər çıxdı. Ayın 11-də məni təzədən rayona apardılar. Psixologiyam pozulmuşdu. Əsəbiləşir, qışqırırdım. Az qalırdım özümü maşından bayıra atam. Qayınatamgilə çatanda qayınanam qarşıma çıxıb məni qucaqlayıb dedi: “Afaq, başımıza daş düşdü”. Həmin səhnə ölənə qədər mənim yadımdan çıxmaz. Mən hələ də inana bilmirəm ki, qayınanam həmin sözü mənə necə dedi, necə oldu ki, biz Turalın ölümünə inandıq. İnanmağım gəlmir ki, o hadisə baş verib. Qayınanamın qolundan tutmuşdular. Mənə elə gəlir ki, tutmasaydılar, o, özünə nə isə edərdi. Onun tabutunu gətirəndən sonra üzünə baxmağa qoymadılar. Dedilər olmaz. Amma mən onun son şəkillərini görmüşdüm. Elə bil yatmışdı. Sonralar peşman oldum. Dedim gərək baxmazdım. Yadımda elə həmişəki kimi qalardı. Mənim bir xalam da dindardı. O, bizə çox dəstək oldu, allahı bizə xatırlatmaqla bizi özümüzə nə isə etməyə qoymurdu.

Söhbətimizin bu yerində bayaqdan bizə qulaq asan, bizə qoşulub danışmaq istəsə də kövrəldiyi üçün danışa bilməyən Afət xanım - Turalın və Afaqın xalası - nəhayət, dillənir:

Səbr

- Tural başqa uşaq idi. Hər kəs onu sevirdi. Qarşısındakı insanın mənfi və ya müsbət xasiyyətli olmasına fikir verməzdi. Hamıya eyni cür davranırdı. O, insanlara allahın gözü ilə baxır, heç kimin qəlbini qırmazdı. Onun üçün qorxu, yorğunluq deyilən bir şey yox idi. Heç nədən yaxasını kənara çəkməz, qaçmazdı. Gecənin bir aləmi də kiməsə onun köməyi lazım idisə, mütləq özünü yetirərdi. Üzü həmişə gülürdü, bizi də güldürərdi. Şəhid olanda mən onun simasını gördüm. Elə bil, yatmışdı. Sakit, gülümsər formada. Kaş görməzdik, amma gördük, o günləri də yaşadıq.

Biz Turaldan heç bir xəbər ala bilmirdik. Gah deyirdilər yaralıdı, gah deyirdilər heç nə olmayıb. Amma ölüm ağlımıza gəlmirdi. Turalın anası, bacım çox pis idi. Biz hamımız qorxurduq ki, o, ya dəli olacaq, ya da özünə nəsə edəcək. Turalı gətirməzdən bir gün əvvəl gecə onların evinə nə qədər insan gəldi... Mən hələ də o insan axınını unuda bilmirəm. Hardansa da bir qadın peyda oldu, dedi ki, “Solmaz gözün aydın, oğlun sağdı, Lələtəpədə onu görüblər”. Bacım o qadının ayaqlarının altına yıxıldı, ona yalvardı. Bu günə qədər də bilmirəm o qadın kim idi. Bəlkə də onu allah göndərmişdi ki, bacımın səbbi alınsın. Yoxsa, həmin gecəni səhərə sağ çıxmazdı. Amma gecənin yarısı bizə xəbər gəldi ki, Turalı gətirirlər. Səhərə yaxın artıq hər şeyi bilirdik. Afaq onda Bakıda idi. O, orda baş verənləri yaxşı ki, görmədi.

Yuxu

Afaq deyir ki, Sonralar həyat yoldaşını tez-tez yuxularında görüb. Onunla həmsöhbət olub.

- Mənim bütün suallarıma cavabı yuxularda verirdi. Bir dəfə isə mənə dedi ki, səni gözlətdiyim üçün bağışla və haqqını halal et. İndi fikirləşirəm ki, yaxşı ki, mən onun dediyinə əməl edib, onun ailəsinin yanına getdim. Orda olmasaydım, tək evdə olsaydım, Turalın ölüm xəbərini eşidib özümə nə isə edərdim. İndinin özündə də buna görə yoldaşımın ailəsinə minnətdaram. Onlar məni çox çətinliklərdən çıxardılar. Ona görə də onlara çox dəyər verirəm, onların yanında olanda özümü arxayın hiss edirəm. Bilirəm ki, onlar yoldaşımın yaxınlarıdı, onu sevən insanlardılar. Onlarla birgə olanda çox rahat oluram.

Yuva

Gəlinlərini qızları kimi sevən ailə oğullarının ölümündən sonra onu qoruyub, əzizləyir, onun könlünü xoş tutmağa çalışırlar. Oğullarından onlara yadigar qalan iki qız övladının başına pərvanə kimi dolanan nənə və baba günlərin birində ağır imtahan qarşısında qalırlar. Vaxtilə oğlunun ailəsi ilə birgə yaşadığı mənzilə getmək və əşyalarını çıxartmaqda Afaq kömək etmək lazım gəlir. Afaqla o evə getməyin mənəvi çətinliyini Turalın atası öz boynuna götürür. Həmin günü xatırlamaq Afaq üçün olduqca çətin olur:

- Qayınatamla getdim o evə. Açarlar Turalın cibində qalmışdı deyə qayınatam qapını sındırmalı oldu. Tural bizi rayona qoyandan sonra evimizə qayıtmış son dəfə evi elə tərtəmiz yığışdırıb getmişdi ki, evə girəndə məəttəl qaldım. Bir yerdə nə çirkli paltar, nə qab-qaşıq vardı. Qayınatam bir otağa çəkilib ağlamağa başladı. Evə girib Turalın əli toxunan hər yeri öpdüm, paltarlarını qucaqladım, qoxuladım. Yataq otağımıza son dəfə baxdım. Bilirdim ki, biz bir də heç vaxt bu evdə birgə yaşaya bilməyəcəyik.

Çiçəklər

O sağ olanda elə bilirdim ki, arxamda böyük bir dağ var. Amma ölümündən sonra da qəribədir ki, onun varlığını həmişə yanımda hiss etdim. Heç vaxt özümü onsuz təsəvvür etmirəm. Böyük qızım Zəhranur atasını az-maz xatırlayır. Amma balaca qızım yox. Tural həmişə işdən gələndə o, iməkləyə-iməkləyə gəlib özünü atasnın üstünə atardı. O, həmişə onlara deyirdi ki, siz atanın çiçəklərisiniz. Onsuz əlbəttə ki, yaşamaq çətindir. Amma mən onu yenə də sağ bilirəm. Heç vaxt qəbul edə bilmərəm ki, o, dünyasını dəyişib. Bu mümkün deyil. İstəyirəm ki, qızları da böyüyüb kimin qızı olduqlarını dərk etsinlər. Onlar da heç zaman atalarını ölmüş biri kimi yox, sağ adam kimi qəbul etsinlər. Onlar bilsinlər ki, ataları 23 yaşında şəhidlik adlanan zirvəyə ucalıb.

Mənbə: lent.az