Oğlu əsgərlikdə ölən ata prezidentə müraciət etdi

Oğlu əsgərlikdə ölən ata prezidentə müraciət etdi

“Oğlum sıravi əsgər Bəhram Məhərrəmov “N” saylı hərbi hissənin həkimlərinin səhlənkarlığı nəticəsidnə dünyasın dəyişib”.

Yenisabah.az xəbər verir ki, bu sözlər Göyçay rayonu Mallışıxlı kənd sakini İlham Məhərrəmovun ölkə başçısı İlham Əliyevə etdiyi müraciətdəndir.

Şikayətçi bir surətini də redaksiyamıza yolladığı müraciətdə qeyd edir ki, oğlu sağlam olsa da, hərbi hissədən onun sətəlcəm olaraq dünyasını dəyişdiyi bildirilib.

“Oğlum Bəhram Məhərrəmov 24.01.2020-ci il tarixdə Göyçay rayon Hərbi Komissarlığı trəfindən hərbi xidmətə aparılıb. O, Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində hərbi xidmət keçirdi.

Hərbi xidmətə getdikdən 3 ay sonra 24 mart 2020-ci il tarixdə onun yanında idik, həmin vaxt oğlum Bəhram gümrah və sağlam idi. Bir dəfə də məzuniyyətə gəldi. 17 aprel 2020-ci il tarixdə isə oğlum Bəhramla telefon əlaqəsi yaratdıq, sağlam idi.

24 aprel 2020-ci il tarixdə isə zəng edib məlumat verdilər ki, oğlunuz xəstəlikdən vəfat edib. Ölüm səbəbi kimi Bəhramın sətəlcəm olması göstərilib. Faktla bağlı cinayət işi başlanıb. İstintaqı Qaradağ Hərbi Prokurorluğu aparır. İstintaq saxtakarlıqla və qeyri-obyektiv aparılır. Çünki oğlumun ölümünə səbəbkar əsgəri olduğu hərbi hissənin həkimləri olublar. Oğlum həqiqi hərbi xidmətə tam sağlam gedib, bundan sonra bir dəfə evə gəlib, bir dəfə biz hərbi hissəyə getmişik və ölümündən bir həftə əvvəl telefonla danışmışıq. O, tam sağlam görünürdü və səhhətindən heç bir şikayəti olmayıb.

Hərbi hissənin tibbi bölməsində ona səhv iynə vurulub deyə şoka düşüb və nəticədə həkim səhlənkarlığına görə vəfat edib”, - deyə İlham Məhərrəmov bildirib.

Şikayətçinin sözlərinə görə, hərbi hissənin komandiri ona deyib ki, 24 aprel 2020-ci il tarixdə Bəhram Məhərrəmovun səhhəti pisləşib. Onu təcili Gəncə şəhər xəstəxanasına aparmaq istəyiblər. Lakin yolda vəziyyəti daha da ağırlaşdığından geri qayıbdıblar və Bəhram Məhərrəmov Yevlax rayon Xəstəxanasında dünyasını dəyişib. “Ancaq Yevlax rayon Xəstəxanasının həkimi bizə dedi ki, sənin oğlun Bəhram Məhərrəmov bura öləndən bir neçə saat sonra gətirilib.

Bu və digər ziddiyyətlər tam subut edir ki, oğlumun ölümü barədə açılmış cinayət işi saxtakarlıqla, qanunsuzluqla araşdırlır..

Ekspert həkim bizə deyir ki, oğlunuz Bəhrəm sətəlcəm olub, ürəyində, ciyərində problem olub. Həmçinin başqa bir xəstəliyi də olub ancaq onu sizə deyə bilmirik.

Bu müəmmalı ziddiyətli cavab bir valideyin kimi məni çox narahat edir. Bu cinayət törətmiş şəxsin müdafiəsi, cinayətin ört-basdır edilməsi üçün uydurmalardır ki, bir qrup vəzifəli şəxs əlbir olub bunu edirlər.

Mən oğlumun ölümündən 3 gün sonra infarkt keçirmişəm. Artıq ölümümü gözümün önünə almışam. Bəhrəm ailəmizin tək oğlu idi.O, uşaqlıqdan sağlam böyüyüb səhhətində heç bir şikayəti olmayıb tam sağlam şəkildə hərbi hissəyə aparılıb ki, buna dair sənədlər var”, - deyə şikayətçi əlavə edib.

İlham Məhərrəmov Prezidentdən xahiş edir ki, oğlunun ölümü ilə bağlı başlanmış cinayət işini nəzarətə götürərək istintaqın obyektiv aparılmasını və bu işdə təqsiri olanların məsuliyyətə cəlb olunmasını təmin etsin.

Mənbə: yenisabah.az