Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

Bakı, 1 iyun, AZƏRTAC

Üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s. ) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyunun 1-də keçirdiyi onlayn mətbuat konfransında deyib. O qeyd edib ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.

Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil edəcək.

Mənbə: azertag.az