“Bu, təhlükəli yoldur, xəstələrin sayı artsa…” – Xəbərdarlıq

“Bu, təhlükəli yoldur, xəstələrin sayı artsa…” – Xəbərdarlıq

Azərbaycanda koronavirusa yoluxanların sayı 5 min nəfəri ötüb. Üstəlik son bir ayda yoluxma sayında artım davam etməkdədir.

Son iki gündə 505 nəfərdə COVID-19 simptomları aşkarlanıb. Bu, Azərbaycan üçün rekorddur. Eyni zamanda 3300-dən çox insan artıq sağalıb, 61 nəfər isə həyatını itirib. Hazırda 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Nəzərə almaq lazımdır ki, bu gündən karantin rejimi qaydalarının bir qismi yumlaşdılıb və ən əsası Rusiya ilə sərhəddə olan və yoluxma riski yüksək olan yüzlərlə həmvətənlimizin yaxın dövrdə ölkəyə qaytarılması gözlənilir.

Maraqlıdır, koronavirusun Azərbaycan statistikası qorxuya əsas verirmi? Ölkədəki müalicə müəssisələrində xəstə yerləşdirməsində problem yarana bilər?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən professor, tanınmış həkim Adil Qeybulla bildirib ki, rəqəmlərin artması insanların karantin yumşaldıqdan sonra xüsusi qaydaları gözləməməsi ilə əlaqədardır:

“Maska taxmırlar, sosial məsafəyə diqqət etmirlər. Nəticədə də belə vəziyyət yaranır. Onlar açıq şəkildə virusa inanmadıqlarını bildirirlər. Mən düşünürəm ki, insanlar şərtləri gözləməlidir. Bununla bağlı sərt tədbirlər olmalıdır. Yoluxma insanlar vətəndaş məsuliyyətini hiss edənədək davam edəcək. Onlar qayda-qanunu gözləsələr, müəyyən səngimə başlayacaq. Əks halda artım olacaq və böyük bir yoluxma və itki ilə üzləşiləcək, sonda da kollektiv immunitet yaranacaq. Bu, təhlükəli yoldur. Xəstələrin sayı artsa, yüngül xəstələrin xəstəxanaya yerləşdirilmə imkanı yəqin ki, olmayacaq”.

Sayad Həsənli

Mənbə: yenisabah.az