Edvard Karvardin : Uşaqların ölkənin gələcəyinin formalaşdırılmasında tam iştirak edə bilməsi üçün onları qorumağı öhdəmizə götürürük

Edvard Karvardin : Uşaqların ölkənin gələcəyinin formalaşdırılmasında tam iştirak edə bilməsi üçün onları qorumağı öhdəmizə götürürük

Bakı, 1 iyun, AZƏRTAC

Bu gün Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür və bu il biz bu əlamətdar günü əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edirik.

Artıq bir neçə aydır ki, valideynlər və uşaqlar koronavirus təhdidi altında yaşayırlar: yoluxma riskini önləmək üçün məktəblər və bağçalar bağlanıb, həyətdə oynamaqla bağlı məhdudiyyətlər mövcuddur, dostlar və qohumlarla təmaslar məhdudlaşıb. Bəzi ailələr öz doğmalarının xəstələndiyinə şahidlik edib. Son bir neçə ay hər bir ailə və hər bir uşaq üçün çətin və bəzən də qorxulu keçib.

AZƏRTAC xəbər verir ki, bunlar UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrikində qeyd olunub.

O, həmçinin deyib: “Bu gün mən Azərbaycanda son həftələrdə uşaqları üçün həyatı mümkün qədər adi vəziyyətə qaytarmaq üçün gərgin səy göstərərək, onları evdə təhsil almağa həvəsləndirən, karantin müddətində azyaşlılar ilə oynamaq və balacaları əyləndirmək üçün kreativ yollar tapan, uşaqların üzləşdiyi stress və narahatlığı aradan qaldıran, övladlarını koronavirusdan fiziki baxımdan uzaq saxlayan valideyn və ailələri salamlayıram.

Bu gün son dərəcə real olan koronavirus təhlükəsi ilə üzləşməyimizə baxmayaraq, bir araya gəldiyimiz, ölkədəki ailələri alqışladığımız və uşaqların potensialını qeyd etdiyimiz bir gündür.

Virus məğlub edildikdən hələ uzun müddət sonra Azərbaycanın bu pandemiyadan sonra necə özünə gəlməsi uşaqların təhsilinə, fiziki sağlamlığına və təhlükəsizliyinə, psixoloji rifahına necə dəstək göstərildiyindən və bu dəstəyin davam etdirilməsindən xeyli asılı olacaq.

İnanıram ki, Azərbaycan öz gücünü uşaqlardan alır. Bu gün biz uşaqların ölkənin gələcəyinin formalaşdırılmasında tam iştirak edə bilməsi üçün istənilən şəraitdə onları qorumağı öhdəmizə götürürük. Bu, heç vaxt indiki qədər vacib olmayıb və bizim Azərbaycanın uşaqları üçün məsuliyyətimiz heç vaxt bu qədər əhəmiyyət daşımayıb.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü mübarək!”

 

Mənbə: azertag.az