“Gərək onlara öləni, əziyyət çəkəni göstərək...” – Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

“Gərək onlara öləni, əziyyət çəkəni göstərək...” – Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

“Küçədə cəmi 7 nəfər maska istifadə edən var idi ki, onların da 4-ü çənəsinə taxmışdı”.

Bu sözləri Lent.az -a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Mütəxəssisin fikrincə belə insanlara qarşı hamılıqla mübarizə aparmalıyıq:

“Mən dünən Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında müşahidə apardım. Küçədə məndən başqa maska istifadə edən demək olar ki yox idi. Cəmi 7 nəfərdə gördüm, onların da 4-ü maskanı çənəsinə taxmışdı. Bəzi insanlar hələ də elə düşünür ki virus yoxdur yada onlara yoluxmaz. Belə olan halda ictimai qınaq olduqca vacibdir”.

Sosioloqlun fikrincə, cərimə sisteminin tətbiqi fayda verə bilər. Lakin cərimənin miqdarı elə nizamlanmalıdır ki insanlar onu ödəyə bilsin:

“Dünən araşdırma apardım və belə qənaətə gəldim ki, insanlar inanmır. Onların güvənə biləcəyi nüfuzlu bir mənbə olmalıdır. Televiziyada daha çox əhalinin etibar edə biləcəyi insanlar danışmalıdır. İstənilən adam bilməlidir ki, o küçəyə maskasız çıxıbsa polis onlara yaxınlaşıb cərimə edə bilər. Bununla bağlı polis, ictimai qınaq və düzgün maarifləndirmə yolu ilə kompleks tədbirlər görülməlidir”.

Məsələ ilə bağlı həkim endokrinoloq Turay Vəliqızının fikrincə, hal-hazırda pandemiyaya laqeyd yanaşan insanlara qarşı lazımi tədbirlər dövlətimiz tərəfindən həyata keçirilir:

“İnsanlar belədir ki görmədiyi şeyə inanmır, gərək onlara öləni, əziyyət çəkəni, aparatlara qoşulanı göstərəsən. Onu da göstərirsən deyir kinolardan fraqment göstərirsən. Hətta ona da inanmayanlar var.

Bu etinasızlıq, məsuliyyətsizlik vəziyyəti daha da gərginləşdirə bilər. Ona görə də mütləq ictimai qınaq gücləndirilməlidir”.

Qeyd edək ki, hər gün küçədə karantin qaydalarına əməl etməyən onlarla insan müşahidə etmək olar. Buna bir neçə səbəb göstərilsə də, çarə yolu cərimə üsulunda görülür. Cəmiyyət olaraq həm özümüzün həm də ətrafımızın sağlamlığını qorumaq isə özümüzdən asılıdır.

Banu

Mənbə: lent.az