Ehramları necə tikirdilər?

Ehramları necə tikirdilər?

Ehramlar – hökmdarların məzarları, son dərəcə möhtəşəm və monumental tikililərdir. Çünki Misirdə hökmdar allah hesab olunurdu.

Gizadakı nəhəng ehramlar b.e.ə XXVII–XXV əsrlərdə inşa edilib. Ehramların inşaatı məsələsi mürəkkəbdir, buna görə də, mən sadəcə yeni əhəmiyyətli məlumatlar verən bəzi tapıntılar haqqında danışacağam.

Ehramların necə tikildiyi barədə ətraflı məlumat verən qədim misir mənbələri azdır: hazır tikilinin ətrafındakı fəaliyyət izləri daha sonra diqqətlə təmizlənirdi. Biz, inşası tamamlanmamış ehramlardan (məsələn, Sakkaradan) daha çox bilgi alırıq: onların yan-yörəsində əlavə tikililərin, əmək alətlərinin qalıqları olduğu ehtimal edilən detallar tapılır və onlarda inşaatın texniki problemləri daha aydın görünür.

Hərdən elə güman edirlər ki, ehram – səliqə ilə düzülmüş böyük, düz kubiklərdən ibarətdir. Lakin orta əsərlərdə xəzinə axtaran ərəblər tərəfindən dağıdılmış ehramın parçalarında hörgünün nizamsız olduğu görünür: daşlar fərqli ölçüdədir, bəzi yerlərdə məhlul üzə çıxır. Tikilinin təməlində iri bloklar var, amma onlar zirvəyə doğru balacalaşır.

Ehramların tikilmə texnikası ilə bağlı bir neçə hipoteza mövcuddur (məsələn, Mark Lenerin ehramı “kəmərləyən” panduslarla bağlı fikri). Çox qədim dövrlərdə bu qədər nəhəng tikililərin ucaldılması müasir insana, bəlkə də, yerdənkənar sivilizasiya tərəfindən reallaşdırılmış möcüzə təsiri bağışlayır, amma ehramlar Qədim Misirin heyrətamiz mədəniyyətinin konteksti ilə harmonik şəkildə uzlaşır.

Ehramların inşası ilə qullar yox, ölkənin əsas əhalisi məşğul olurdu – bu, onların hökmdarın rifahı naminə əmək öhdəlikləri idi. İnsanlar tikintiyə kənd təsərrüfatında işləməyə ehtiyac olmadığı mövsümlərdə cəlb edilirdilər. Əslində, inşaatla yüksəkixtisaslı mütəxəssislər – memarlar, icraçılar məşğul olurdular. O qədər də ixtisaslaşmamış insanların böyük əksəriyyəti daş karaxanalarında və daşların çatdırılmasında fəaliyyət göstərirdi. Ehramların tikintisində cəmi 20-30 min insanın işlədiyi güman olunur.

Arxeoloqlar Gizadakı üç ehramın yaxınlığında inşaatçılar üçün nəzərdə tutulmuş qəsəbə tapıblar – orda XX əsrin 60-cı illərindən qazıntılar aparılır. Həmçinin ərazidə memarların, icraçıların qəbirləri yerləşən nekropol da tapılıb. Orda inşaat müddətində ölmüş fəhlələrin çox kasıb məzarları da var.

Mark Lenerin XX əsrin sonları – XXI əsrin əvvəllərində Gizaya apardığı amerikan ekspedisiyası nəhəng tikintiyə müxtəlif xidmətlər göstərən istehsalat kompleksini üzə çıxarıb. O cümlədən, tədqiqat zamanı ehram tikintiləri üçün alətlər hazırlayan misəritmə emalatxanaları da tapılıb.

Nəhəng istehsalat kompleksi çoxsaylı fəhlələr üçün yemək hazırlamaq məqsədi daşıyır: orda çörəkbişirmə sexləri (eyni yerdə pivə də bişirilirdi), balıq qurutmaq üçün zirzəmilər var. Həmçinin Lerner dünyasını dəyişmiş fironlara qurbanlar verilən yer də tapıb.

Bu material ehram tikintisi dövründə cəmiyyətin zəngin olduğundan xəbər verir, çünki qurbanlıq heyvanların yaşlı yox, cavan olduqları müəyyənləşdirilib.

İnşaata nə qədər zaman sərf olunduğunu demək çətindir. B.e.ə. V əsrdə yaşamış qədim yunan tarixçisi Herodot, ehrama aparan yolun (çox güman ki, söhbət panduslardan gedir) 20 ilə, ehramın özünün isə 10 ilə tikildiyini yazır. Amma məlumdur ki, Herodot misir dilini bilmirdi. Odur ki, ona danışılanları yanlış anlaya bilərdi – xüsusən də, nəzərə alsaq ki, ehramların inşasından artıq iki minillik keçmişdi.

Ehramların tikintisində istifadə olunmuş daş blokların üstündəki qədim misir yazıları daha həqiqətəuyğun məlumatlar verir. Lakin bu tip yazıların əksəriyyəti ehramların qalın divarlarında gizlədilib, çünki onlar qədim icraçıların iş qeydləridir. Yarımçıq tikililərdə hərdən belə qeydlər tapılır. Onlarda inşaat briqadasının adı və işin bitdiyi tarix həkk olunub (ola bilsin, briqadalar öz aralarında yarışırlarmış).

2011-ci ildə fransız arxeoloqları Qırmızı dənizin sahilində (Vadi-el-Cərf) nəhəng ehramların tikildiyi dövrə aid liman tapıblar. Misirlilər bu limandan Sinaya – Vadi-Maqhara və Serabit-əl-Xadimə üzürdülər. Sözügedən bölgələrdə mis filizi çıxarılırdı (ehramların bloklarında mis alətlərin izləri var). Vadi-əl-Cərfdən tapılan papiruslarda Xeops ehramının inşası ilə bağlı son dərəcə maraqlı bilgilər var, amma hələlik onları tam şəkildə dərc etməyiblər. O cümlədən qazıntılar zamanı Turdan yüksəkkeyfiyyətli əhəngdaşının daşınması ilə məşğul olan briqadaya rəhbərlik etmiş insanın iş gündəliyi tapılıb. Sözügedən material ehramın üzlənməsində istifadə edilirdi.

Bu gün biz “çılpaq” (bir növ çıxıntılı) ehramlar görürük, lakin başlanğıcda bu tikililər ideal hamar, Turdan gətirilən ağ əhənglə üzlənmiş vəziyyətdə olub. Əhəngdaşı Nilin o biri sahilindən gətirilirdi. Materialı ehramların yanına gətirməkdən ötrü çaydan kanallar çəkilirdi (ehramların yaxınlığındakı körfəzi də Mark Lernerin ekspedisiyası tapıb).

Gizadakı ehramların üzlüklərini ərəb dövründə soyublar. Orta əsrlərdə Qahirə məscidlərinin tikintisindən onlardan istifadə edirdilər.

Ehramların blokları üzərindəki yazılar tikililərin kimə məxsus olduğu barədə etibarlı bilgilər verir. Onlar sayəsində Xeops ehramının, həqiqətən, onun özünə məxsus olduğu müəyyənləşdirilib. Fironun dəfn olunduğu kameranın üstündə alçaq otaq var. O, ehramın təpəsinin dəfn kamerasını əzməsinə mane olmaq üçün nəzərdə tutulub (“yüngülləşdirici kamera” adlanır).

Həmin otaqlardan birinin tavanında boya ilə “Xufu horizontu” (ehramın adı) yazılmış heroqliflər həkk olunub. Biz bu heroqlifləri başqa mənbələrdən tanıyırıq. Lakin indi Vadi-əl-Cərf papiruslarında da onlara rəst gəlmişik. (Firona Xeops adını Herodot verib, misirlilər isə ona Xufu deyirdilər).

Ehramları yerli əhəngdaşından tikirdilər. Maks Lernerin ekspedisiyası Gizada karxanaların inşaat meydanının, ən azı, 300 kilometrliyində yerləşdiyini müəyyənləşdirib. Giza – tikinti üçün kifayət qədər əhəngdaşı olan yer kimi seçilmişdi. Digər bəzi işlər üçün lazım olan materiallar isə uzaqdan gətirilirdi.

Xeops ehramının içindəki dəfn kamerası nəhəng qranit plitələrlə üzlənib. Onları Asuandan min kilometrlərlə aralıdan – qranit karxanalarının yerləşdiyi cənubdan gətirirdilər. Asuanda detallar kobud emaldan keçirilir və onlara damğa vurulurdu. Artıq yerində qranit plitələr dolerit əmək alətləri ilə cilalanırdı.

İşlərə rəhbərlik edən əyanlar öz sərdabələri üzərindəki yazılarda fəxrlə fironun onları ehramlar üçün material gətirməyə göndərdiyini bildirirdilər. Məmurlar, onlara verilmiş tapşırığın öhdəsindən gələndə firon onları tərifləyirdi. Yaxşı iş müqabilində verilən mükafatlara fironun ehramına yaxın yerdə sərdabə tikmək icazəsi də olurdu.

Olqa Tomaşeviç

Tarix elmləri namizədi, M.V.Lomonosov adına MDU-nin qədim dünya tarixi kafedrasının dosenti.

Postnauka

 

Mənbə: azlogos.eu