Koronavirusun həqiqətən mövcudluğuna qeyri-ciddi və şübhə ilə baxdı - bütöv ailələr yoluxdu...

Koronavirusun həqiqətən mövcudluğuna qeyri-ciddi və şübhə ilə baxdı  - bütöv ailələr yoluxdu...

Könül İsmayılova: “Yoluxmaların sayının artması vətəndaşların məsuliyyətsizliyi ilə bağlıdır”

Dünyanın ayrı-ayrı ölkələrində aparılan sorğular göstərir ki, insanların koronavirusa inamı böyük deyil. Bunu oyun sayanlar çoxdur. Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən iyunun 15-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımız şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidirlər. Bu tədbirlər həm özümüzün, həm də başqalarının təhlükəsizliyi, altından qalxa bilməyəcəyimiz böyük epidemiyanın qarşısının alınması üçün atılır.

Amma iş bundadır ki, özünü çox bilmiş elan edən və əslində, heç nə bilməyən müəyyən qrup insanlar cəmiyyət üçün ən təhlükəli varlıqlara çevriliblər. Sosial şəbəkələr hazırda iki qrup insanın cəbhəsinə çevrilib. “Boş şeydir, şayiədir, nələrinsə xatirinə edilir” deyənlərlə, bu insanlara savaş açmış, ehtiyat edən, özü və doğmaları, cəmiyyətimiz üçün narahat olanların savaşına.

Qeyd etdiyimiz kimi, koronavirusa inanmayanlar tək özlərini deyil, həm ailələrinin, həm də qohum-əqrəbalarının, dost-tanışlarının həyatını risqə atırlar. Bu gün koronavirusa yoluxanların sayının artması səbəblərindən biri də adıçəkilən virusun varlığına inanmayanlarla bağlıdır.

“...məhz ehtiyatsız davrandıqları üçün bu gün doğmalarının həyatını təhlükəyə atıblar”

Psixoloq Könül İsmayılova bildirdi ki, yoluxmaların sayının artması vətəndaşların məsuliyyətsizliyi ilə bağlıdır: “Bəzi insanlar koronavirus adlı xəstəliyin olmasına inanmır və qəbul edilən bütün qərarları qeyri-ciddi qəbul edirlər. Bu səbəbdən də həmin insanlar nə sosial məsafəyə riayət edir, nə də tibbi maska taxırlar. Nəticədə isə həm özlərinin həyatını, həm də doğmalarının sağlığını risqə atırlar. Virusa yoluxanların əksəriyyəti elə məhz ehtiyatsız davrandığı üçün bu gün doğmalarının həyatını təhlükəyə atıb.

Elə şəxslər var ki, onlar koronavirusu nəinki ciddiyə almır, dünyanı sarsıdan koronavirusu "ələ salırlar". Marketin qarşısında gördüyüm gənclər əllərini mühəccərə sürtüb digərinin üst-başına silir və "apar evə, kişini koronaya yoluxdur, canın qurtarsın", - deyə zarafatlaşırdılar. O gənclər pandemiyanın müharibədən də təhlükəli olduğunu anlamaq istəmirlər”.

Psixoloq onu da əlavə etdi ki, Opertiv Qərargah koronavirusla bağlı dünyada və ölkədə mövcud son vəziyyəti analiz edir, yoluxma dinamikasına uyğun qərarlar verir: “Məlumdur ki, cənab Prezident və dövlətimiz tərəfindən zamanında atılan addımlar sayəsində koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısı alındı. Hətta yoluxanların sayında kifayət qədər azalma var idi. Amma son həftələrin statistikası ürəkaçan deyil. Karantin rejimində edilən yumşalmalardan sonra insanlarımız artıq koronavirus yoxmuş kimi davranmağa başladı.Təəssüf ki, hətta bu xəstəliyin varlığına inanmayanlar da az deyil. Marketlərdə və ictimai nəqliyyatda sosial məsafə qorunmur, qoruyucu tibbi maska və əlcəklərdən istifadə etmirlər. Ən önəmlisi isə, ehtiyac oldu-olmadı, insanlarımız çölə çıxırlar. Nəticədə nəinki Bakıda, hətta bölgələrdə də koronavirusa yoluxanların sayı artdı. Vətəndaşlarımıza bu məsələdə məsuliyyətli olmağı məsləhət görürəm. Çünki insanlarımızın bu xəstəliyə biganəliyi özləri ilə yanaşı, yaxınlarını və bütün Azərbaycan vətəndaşlarının sağlamlığını təhdid altında qoyur. Düşünürəm ki, əgər yoluxma çoxalma dinamikası ilə davam edərsə, bölgələrdə və Bakıda karantin rejimi yenidən sərtləşdirilə bilər. Əlbəttə, bunu heç birimiz arzulamır, tezliklə normal həyatımıza qayıtmaq istəyirik. Bunun üçün də Operativ Qərargahın tövsiyələrinə, sanitar-gigiyenik qaydalara əməl etməliyik. Düşünürəm ki, bu virusa dövlət-vətəndaş birliyi ilə qalib gələ bilərik”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com