Uşaqlığa doymadığın üçün hər yaşında uşaqlığını gəzirsən...

Uşaqlığa doymadığın üçün hər yaşında uşaqlığını gəzirsən...

Yarımçıq uşaqlığım...
Deyirlər insan həyatının ən qayğısız, ən gözəl dövrüdür uşaqlıq...Maraqlıdır, bu bütün uşaqlaramı şamil edilir?!Nə deyim, bəlkə də...
Güllə səsləri...hər gün kimlərinsə ölüm xəbəri...qonşu rayonların faciəsi...valideynlərinin sənin o körpə ürəyinə qorxu hissi salmamaq üçün pıçıltı ilə danışdığı müharibə dəhşəti, və bu danışıqdan eşidə bildiyin "erməni" sözü...Uşaq ağlın ilə düşündüyün -"qonşumuz ermənimi?"və nəticəyə gəldiyin, -"Axı qonşumuz bizə pislik etməz"- cavabı....
May ayı, dağ havası, həyətdəki tut ağacı və bu ağaca asılmış qızılı zəncir asılqanlı yelləncək...Bir uşaq daha nə istəyə bilərki?! -Yox bala, həyətə olmaz, evdə oyna !!! -Niyə, ana?-sualı...
Və ana cavab verməyə macal tapmamış, insanı qəflət röyasından ayıldan o vahiməli səs...Həyətə atılan qırat mərmisi və tut ağacının tikələri arasında demək olarki görsənməyən o yelləncək.! İlahi, bir uşaq üçün bundan dəhşətli nə ola bilərdi???!!!
Şirin yuxudan ayılanda özünü isti yorğan-döşəyində deyil də, yaxınlarının əhatəsində daşlı kəsəkli yollarla vətənindən "qaçan"görürsən, hamı can dərdindəykən sən -"Ana indi yelləncəyim nə olacaq?"-deyirsən.Sənin körpə qəlbindəki yelləncək düşüncəsi, valideynlərinin qəlbindəki "ya qızım o yelləncəkdə olsaydı, ya o da tikə-tikə olsaydı" fəryadı...Bəlkə də ətrafındakıların Allaha uşaqlarını sağ-salamat saxlaması üçün etdikləri dua sayəsində gedəcəyin yerə çatırsan...
Qonaq olduğumuz yer nə qədər rahat olursa olsun, insan öz evində tapdığı rahatlığı heç yerdə tapmır.Uşaqlığını yad şəhərdə, sənə ayrı-ayrı baxışlarla baxan gözlərin arasında,-"Niyə qoyub gəldiniz torpağınızı"-deyə düşünən beyinli insanların belə olduğu yerdə keçirir və sənə "qaçqın" deyərək lağ edən uşaqlardan qaçırsan.Uşaq ürəyinə yara salmamaq üçün bütün gününü maraqlı etməyə çalışan valideynlərinə günün sonunda yenə də: "Evimizə nə zaman qayıdacağıq?"-sualını verirsən...İlahi, övladınn sualına verəcək bir cavabı olmamaq bir valideyn üçün necə də ağır bir hissdir...
Evin, sevimli yelləncəyin,oyuncaqların, hətta qonşu uşaqları üçün belə darıxırsan və bu itkilərin vurduğu yara qəlbini ağrıdarkən,bir də dünyanın ən güclüsü sandığın, yoxluğunu həyatın boyu hiss edəcəyin bir insanı-atanı itirirsən...
Artıq illər keçir və sən böyüdükcə bütün bu itkilərin ağrısını daha çox duymağa başlayırsan.Və zamanla anlayırsan ki,sənin evin artıq buradır deyəsən.Qəlbinin dərinliklərində nə vaxtsa vətənə qayıtmaq qığılcımı olur, nailiyyətlər əldə edirsən, böyüyürsən, ixtisas sahibi olursan, amma qəlbində hər zaman bir sual yaşayır: "Hara getdi uşaqlığım???!!!"Cavabını heç cür tapa bilmədiyin o sual...
Çılğın olursan, böyük yaşda belə bəzən uşaq kimi davranırsan, uşaqlığa doymadığın üçün hər yaşında uşaqlığını gəzirsən...
Göründüyü kimi, mənim uşaqlığım nə maraqlı, nə də qayğısız olub.Demək ki, "uşaqlıq illəri insan ömrünün ən qayğısız, ən maraqlı illəridir"deyimi heç də bütün uşaqlara şamil edilmirmiş...Uşaqlığımdan xatırladığım ancaq yuxarıda yazdıqlarımdır...Bu yazını yazarkən,nədənsə,Ramiz Rövşənin aşağıdakı misralarını xatırladım:
Bir səhər yuxudan durub, özünü uşaq görəsən, Görəsən hamı evdədir, ölənləri sağ görəsən...
Mən inanıram ki, Laçın azad olunacaq və o zaman, qəlbində vətən həsrəti ilə bu dünyadan köçən atalarımızın, analarımızın ruhları şad olacaq, Laçını heç görməyən, müxtəlif regionlarda dünyaya göz açıb,Laçını yalnız və yalnız təsəvvüründə canlandıran gənclərimizin, uşaqlığını yad şəhərlərdə min bir çətinliklər içərisində keçirərək uşaq olmağa doymayan insanlarımızın, Laçında erməni tapdağı altında rahat yata bilməyən qəbirlərdəki ata-babalarımızın ruhlarındakı sevinc,güclü bir leysan yağdıracaq və üçrəngli bayrağımız o yağışda Laçın səmasında laçın quşu kimi ucalaraq dalğalanacaq,bax o zaman bizə qaranlıq olan bu dünya bizlər üçün də işıqlanacaq!!!
Şəbnəm Uğurlu (Cəbrayıl)

Mənbə: aztehsil.com