Azərbaycanda virusa yoluxmada sürətli artım - yalnız vətəndaşların şəxsi məsuliyyətsizliyindən əmələ gələn fəlakət...

Azərbaycanda virusa yoluxmada sürətli artım - yalnız vətəndaşların şəxsi məsuliyyətsizliyindən əmələ gələn fəlakət...

Fatimə Hacıbəyli: “Bu gün ölkəmizdə koronavirus pandemiyasının bu şəkildə yayılmasında məsuliyyəti vətəndaşlar özləri daşıyırlar”

Son həftələr ölkəmizdə koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir. Bu hal xüsusən də ölkəmizdə mövcud olan karantin rejiminin yumşaldılmasından sonra baş verir. Yumşaldılma prosesinə qədər virusa yoluxanların sayı elə də böyük deyildi. Gün ərzində 20-30 nəfərin bu xəstəliyə yoluxduğu müşahidə edilirdi. İndi isə vəziyyət xeyli dərəcədə mənfiyə doğru dəyişib. Heç şübhəsiz ki, bu, birmənalı olaraq, vətəndaş məsuliyyətsizliyi ilə bağlıdır. Dövlət üzərinə düşən bütün vəzifələri lazımi şəkildə yerinə yetirsə də, vətəndaşlar öz məsuliyyətlərini dərk etmək istəmirlər.

Dünya ölkələrinin çoxunda virusa yoluxanların sayının azalması izlənilsə də, Azərbaycanda virusa yoluxanlar çoxalıb. Baxmayaraq ki, Azərbaycan bu ölkələrin çoxundan əvvəl sistemli şəkildə antivirus tədbirləri həyata keçirməyə başlayıb, dövlət tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə bu problemi tam olaraq nəzarətə götürmək mümkün olub. Halbuki, pandemiyanın ilk vaxtlarında dünyanın aparıcı dövlətləri belə, prosesə nəzarəti itirmişdi və bu da həmin ölkələrdə kütləvi yoluxma hallarına səbəb olmuşdu. Bu gün həmin dövlətlərdə vətəndaşların sərgilədiyi məsuliyyətli münasibət sayəsində virusa yoluxma halları azalır, bizdə isə vətəndaş məsuliyyətsizliyinə görə artır.

Bilirik ki, virusun ilkin dövrlərindən başlayaraq ölkəmizdə bu prosesin tam nəzarətə götürülməsi nəticəsində virusun artım sürətinin, eyni zamanda da güclü virus dalğasının qarşısı alındı. Hətta biz elə bir nəticəyə nail olduq ki, virusdan müalicə olunaraq sağalanların sayı yoluxanların sayını əvvəlcə iki-üç, daha sonralar isə 7-8 dəfə üstələdi. Elə gün olurdu ki, 50, 60, 80 vətəndaşın sağaldığı, 15-20 nəfərin isə yoluxduğu haqqında məlumat alırdıq. Dövlət vəziyyətə tam nəzarət etsə də, vətəndaşların məsuliyyətsizliyi nəticəsində infeksiyaya yoluxanların sayında mövcud artım baş verib. Son günlər gün ərzində yoluxanların sayının 200, 250 nəfəri keçdiyini müşahidə edirik. Əlbəttə, vətəndaşların ictimai nəqliyyatda, mağazada, alış-verişdə, dayanacaqda sosial məsafə saxlamaması, sanitar-gigiyenik qaydalara əməl etməməsi, əllərini tez-tez yuyub spirtləməməsi və sair məsuliyyətsizliyi nəticəsində mövcud problemlə qarşılaşmalı olmuşuq.

“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə bildirdi ki, son həftələr virusa tutulanların sayının artmasının birbaşa məsuliyyəti vətəndaşların üzərinə düşür. “Dövlətin həyata keçirdiyi önləyici tədbirlər nəticəsində həyata keçirilən sosial təcrid, sərt karantin rejimi dövründə virusa yoluxanların sayında yüksək artım yox idi. Demək olar ki, ölkələr arasında ən az yoluxma Azərbaycanda idi. Lakin vətəndaşların karantin rejiminin yumşalmasından sui-istifadə etməsi nəticəsində mövcud vəziyyət yaranıb. Vətəndaşa yasa getmə deyirsən, gedir, ad günü keçirmə deyirsən, keçirir. Belə olmaz. Hər bir insan təkcə özünə cavabdeh deyil, həm də ailə, cəmiyyət, dövlət qarşısında məsuliyyət daşıyır. Vətəndaş məsuliyyətsizliyi nəticəsində hazırda ölkəmizdə koronavirusa yoluxanların sayı 5 min nəfəri ötüb. Son bir ayda yoluxma sayında artım davam etməkdədir, son olaraq 250-dən çox yoluxma qeydə alınıb. Bu bir həyəcan təbilidir ki, ay vətəndaş, məsuliyyətini dərk et, sosial məsafə gözlə, maska tax, gigiyenanla məşğul ol, əks təqdirdə yoluxmanın miqyası daha da artacaq.

Fikirləşirəm ki, bu gün ölkəmizdə koronavirus pandemiyasının bu şəkildə yayılmasında məsuliyyəti vətəndaşlar özləri daşıyırlar. Onların səhlənkarlığı, biganəliyi nəticəsində biz fəlakət astanasına yaxınlaşırıq. Mənə elə gəlir ki, dövlət karantin rejiminin sərtləşdirilməsi üzrə tədbir görəcək. Çünki vətəndaşlara cərimələr də təsir etmir. Yenə marşrut avtobusları, metro maskasız insanlarla doludur, onlar heç sosial məsafə də saxlamırlar” - deyə F.Hacıbəyli qeyd etdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com