DİM onları imtahana niyə buraxmır? – Ekspertlər

DİM onları imtahana niyə buraxmır? – Ekspertlər

Dövlət İmtahan Mərkəzinin ailəsində koronavirusa yoluxmuş şəxslər olan abituriyentlərin budəfəki qəbul imtahanlarında iştirak etməyəcəyi barədə açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hər kəs bu qərarın bəzi abituriyentlərin bir il geri düşməsinə səbəb olacağını deyib və prosedurda dəyişiklik edilməli olduğunu bildirib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov sözügedən qərarın bəzi şəxsləri təhsil hüququndan məhrum etdiyini bildirib.

“Bu tip hallarda xüsusi şərait yaradılmalı və bir nəzarətçi ayrılmalıdır. Onsuz da koronaya yoluxan abituriyent xəstə-xəstə imtahanda iştirak etməyəcək. Ailəsindən kimsə koronaya yoluxubsa və ya özü yoluxub sağalıbsa, həmin şəxslərin imtahan verməsi üçün xüsusi şərait qurulmalıdır. Təhsil almaq hüququndan kimisə məhrum etməyə qanunlarımız yol vermir. Bu, düzgün olmayan qərardır. Əlbəttə, burada risk məsələsi var. Amma belə abituriyentlərin sayı çox deyil. Onlar üçün ayrıca otaq ayrılmalıdır. Onlayn və yaxud da xüsusi qoruyucu maskalı nəzarətçi də təyin etmək olar”.

Təhsil eksperti Elçin Əfəndi də bildirib ki, qərar kütləvi yoluxmanın qarşısını almaq üçün olsa da, bəzi çatışmayan tərəfləri var:

“Ailəsində koronaya yoluxmuş şəxs olan abituriyentlər üçün buraxılış imtahanı sentyabrda keçiriləcək. Bu qərara görə, bəzi abituriyentlər bir il digərlərindən geri düşəcək. Hesab edirəm ki, bu, doğru qərar deyil. Həmin abituriyentlərin hər hansı birində koronavirus simptomları aşkarlanarsa, xüsusi izolyasiya olunmuş otaqlarda imtahan verməsi təşkil edilməlidir. Bundan başqa, blok imtahanlarının 1 dəfə keçirilməsi də abituriyentlər üçün sıxıntı yaradacaq. Hesab edirəm ki, blok imtahanlarını aralarında 1 ay fasilə olmaqla 2 dəfə keçirmək lazımdır. Bu, virusa yoluxan və ya ailəsində koronaya yoluxan şəxslərin yenidən imtahan verməsi üçün vacibdir”.

Mənbə: axar.az