Tokio koronavirusa görə tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasının ikinci mərhələsinə başlayır

Tokio koronavirusa görə tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasının ikinci mərhələsinə başlayır

Tokio, 2 iyun, AZƏRTAC

Tokio hökuməti koronavirusa yoluxma hallarının kəskin azalmasını nəzərə alaraq tətbiq olunan məhdudiyyətlərin yumşaldılmasının ikinci mərhələsinə başlayır.

AZƏRTAC xəbər verir ki, Tokio hökuməti bununla əlaqədar bərpa tədbirlərinə iyunun 1-də start verib. Bu mərhələ çərçivəsində hazırlıq kurslarının, teatrların, idman zallarının, həmçinin pərakəndə satış və universal mağazaların fəaliyyətini bərpa etməsi nəzərdə tutulur.

Bildirilir ki, son altı gündə paytaxtda yoluxma hallarının sayı ilk dəfə 10-dan aşağı olub.

Qeyd edək ki, Tokio hökuməti iki həftəlik fasilələrlə mərhələləri yumşaltmağı planlaşdırır. Bu zaman virusun yayılma səviyyəsi əsas götürüləcək. Bununla yanaşı, həmin göstərici aşağı olacağı təqdirdə növbəti mərhələyə keçidə icazə veriləcək. Eyni zamanda, rəsmi nümayəndələr “Tokio xəbərdarlığı” adlı tövsiyələri dərc etməyi planlaşdırırlar ki, burada da əsasən sakinlərə yoluxmanın ikinci dalğasına hazır olmağa çağırış əksini tapacaq.

Paytaxt hökuməti, həmçinin növbəti mərhələyə keçməzdən əvvəl mövcud vəziyyəti hərtərəfli təhlil etməyi nəzərdə tutur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az