Karantində toy və yas - Adətlər dəyişir?

Karantində toy və yas - Adətlər dəyişir?

Koronavirus pandemiyası toy və yas mərasimlərini də çərçivəyə salıb. Pandemiyanın ilk günləri toylara qoyulan qadağa əhalidə zarafat qarışıq sevinc yaratsa da, vaxt uzandıqca insanlar kütləvi mərasimləri fərqli keçirməyin yollarını axtarır.

Qadağaların sevinc yaratmasının səbəbi toylara salınacaq məbləğlərin ciblərdə qalmasıdır. Digər tərəfdən, insanlar toylarını etməli, yas mərasimlərini yola verməlidir. Buna görə də mütəxəssislər yeni modellərin tapılmasının vacibliyini qeyd edirlər.

Tanınmış sosioloq, alim Əhməd Qəşəmoğlu da Lent.az -a açıqlamasında bu barədə danışıb. Yeni toy modelinin vacibliyini qeyd edən müsahibimiz indiki toylarımızın bizə başucalığı gətirmədiyini deyir: “Bizə yeni toy modeli lazımdır. Toylarımızın vəziyyətindən bir misal deyim. Toy danışmağa gedirsən, 60 çeşiddə menyu qoyur önünə. Üstəlik də bunları sifariş etməyə məcbursan. Bu, ən azından gülünc doğurur. Adam doğma adamını qonaq çağıranda, ən çoxu beş növ yemək hazırlayır. 6-7 il əvvəl toya 50 manat sala bilirdiksə, indi bu məbləğ ayıb sayılır. Əgər bir ayda ailəyə beş toy dəvətnaməsi gəlibsə, o toyların hamısına getmək üçün kriminal işlər görülməlidir. Çünki indiki vaxtda halal əmək haqqı hər toya 200 manat pul salmağa imkan vermir. Rüşvət almalı, kimisə aldatmalı, əyri yolla nəsə iş görməlisən ki, toya getmək üçün pulun olsun”.

Ə.Qəşəmoğlu toyların musiqi mədəniyyətimizi məhv etdiyini də vurğulayır. Vaxtilə gözəl bəstəkar və müğənnilərin təmsil etdiyi Azərbaycan musiqisinin toyxana musiqisinə çevrilməsində toylarımızın “əvəzsiz” xidməti olduğunu vurğulayıb. Bütün bu biabırçılıqlara son vermək üçün toy modelimizi dəyişməyin vacibliyini qeyd edib: “Dəyişmək üçün yenidən nəsə uydurmağa ehtiyac yoxdur. Bizim adət-ənənə var. Onlara geri dönmək olar. Məsələn, böyük şadlıq saraylarını iki yerə bölmək lazımdır. Bir qrup otursun, biri-birilə söhbət etsin. Digər tərəf rəqs edənlər üçün olsun, əylənsinlər. Xörəklərin çeşidləri də 2-3-ə salınsın. O zaman adambaşına 100 manat deyil, 30-40 manatla da ötüşdürmək olar. Mən tələbə olanda toya 10 manat pul salırdıq. Başqa tərəfdən toya hər gələnin mütləq pul salmasına ehtiyac yoxdur. Gəlinin rəfiqələri, bəyin yaxınları ola bilər. İmkanı olmayan qonum-qonşu ola bilər və s. Onlar gəlib sevinclərini bölüşüb pul salmadan da gedə bilərlər. Toya hər gələnin mütləq pul salmasına və hər gələnin mütləq yemək yeməsinə ehtiyac yoxdur”.

Toyların necə keçirilməsi ilə bağlı sifariş olarsa, mən də bir neçə ssenari yaza bilərəm”.

Toy, yoxsa ödədiyin pulları yığmaq

“Kənd yerlərində toy olurdu. Toy çalınan kimi bütün kənd toplanırdı. Gələnlərin hamısına yemək verilmirdi. Bir qrup insan-uzaqdan gələn qonaq və s. keçib içəridə yemək yeyirdi. Toya gələnin hamısı pul salmırdı. Sonda gəlin gələndə qohumlar hərəsi bir hədiyyə verirdi. Şəhərlərdə də bunu etmək olar. Banket zalına o adamlar daxil olar ki, onlar yemək yeyəcək. Digər tərəf isə sadəcə iştirak edəcək, əylənəcəklər. Səs-küydən 2-3 saat ərzində toyda ən yaxınında oturan adamın belə nə dediyini eşitmirsən”.

“Bir nəfər kişi kənddə özünə geniş ad günü keçirib. Səbəbini soruşurlar, deyir ki, toylara xərclədiyim pulları yığmaq üçün belə etmişəm”, - misalını çəkən sosioloq toya getmək üçün dişini belə satanların olduğunu deyib: “Bir jurnalist var idi. Toya gedə bilmək üçün dişini satmışdı. Bu vəziyyətdə toyda iştirak etmək ancaq neqativ enerji verəcək. Toy və yas mafiyasının məqsədi camaatın zəif nöqtəsindən istifadə edib pul qazanmaqdır”.

Sosioloq yas mərasimlərinin də keçirilmə qaydasına toxunub və yas mərasimlərində qoyulan yeməklərin təkrar-təkrar əhaliyə satıldığını deyib: “Yas yerlərində qadınlar saat 14:00-a, kişilər günortadan sonra olur. Bir məclisdə eyni çeşid 20-25-cür noğul, xurma və digər qarışıq məhsulları masaya düzürlər. Nə qədər istəmədiyini desən də, məcburi şəkildə qoyulur. Nə toyda, nə yasda bu məhsulları evə apara bilməzsən. İkiyə kimi bir məhsulu əvvəl qadınlara, sonra kişilərə verirlər. Bir məhsulu iki dəfə camaata satırlar. Heç kim bu məhsulları yemədiyi üçün bir ay ərzində təkrar-təkrar süfrələrə düzürlər. Şirə çəkmiş noğulu 50-60 qatına insanlara satırlar”.

Sosioloqun fikrincə, pandemiya dövründən istifadə edərək toy və yas modellərimizi elə tənzimləyək ki, nə camaata əziyyət verməsin, nə də biabırçılıq gətirməsin: “Dövlət büdcədən bir qəpik xərcləmədən bu məsələləri tənzimləsə, hər ailənin büdcəsi bir ayda nə qədər artar. Yəni heç bir pul xərcləmir, amma hər ailənin büdcəsi hardasa 500 manat artır. Ona görə bu sahəni tənzimləmək üçün uyğun qurumlar hərəkətə keçməli, bizim kimi mütəxəssislər də onlara kömək etməlidir”.

Mənbə: lent.az