“Kafelərin, “mall”ların fəaliyyətinə icazə verilirsə, tədris kurslarına da eyni imkan yaradılmalıdır” – Ekspert

“Qarşıdakı aylarda keçiriləcək imtahanları nəzərə alsaq, o zaman kursların bağlı qalması heç bir məntiqə sığmır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri karantin rejiminin yumşaldılması fonunda özəl təhsil müəssisələri və tədris kurslarının fəaliyyətinə qoyulmuş qadağanın hələ də götürülməməsinə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi deyib.

Elçin Əfəndi hesab edir ki, koronavirus pandemiyası fonunda özəl təhsil ocaqlarına tətbiq olunan məhdudiyyətlər minlərlə vətəndaşı çətin vəziyyətə salıb:

“Ölkədə irili-xırdalı 300-dən çox kurs var. Hər birində işləyən heyəti nəzərə alsaq, təxminən 10 min nəfərə yaxın vətəndaş konkret iş yerindən məhrum olub. Bundan əlavə, bu şəxslər işləməikləri üçün dövlət büdcəsinə vergi verə bilmirlər. Çünki gəlir yoxdur. Digər tərəfdən, nəzərə alınmalıdır ki, həmin müəssisələr fəaliyyət göstərmək üçün binaları icarəyə götürüblər. Mövcud şəraitdə artıq 3 aydır ki, icarədarlarla icarəyə götürənlər arasında mübahisələr gedir”.

Elçin Əfəndi vurğulayıb ki, hər il buraxılış və qəbul imtahanlarında namizədlərin yüksək nəticə əldə etməsində kursların rolu böyükdür:

“Bundan əlavə, müəllimlərin işə qəbulu, ILTS, TOEFL, dövlət qulluğu və s. üzrə hazırlıqlarda da kurslar xüsusi rol oynayır. Qarşıdakı aylarda həm buraxılış, həm qəbul, həm də müəllimlərin işə qəbulu üzrə imtahanların olacağını nəzərə alsaq, o zaman kursların bağlı qalması heç bir məntiqə sığmır.

“Mall”lar, kafelər, iri ticarət mərkəzləri fəaliyyət göstərirsə, kurslara niyə bu imkan yaradılmasın? Yoxsa koronavirus həqiqətən də, insanların kafeyə, ya da kursa getməyinin fərqinə varıb qərar verir ki, yoluxsun, ya yox? Əgər belədirsə, o zaman insanlar işlərini bilsinlər. Yox, belə deyilsə, düzgün qərar verilsin.

İstər Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah, istər TƏBİB, istərsə də digər qurumlar bu barədə qərar verməlidirlər. TƏBİB-in müəyyən etdiyi müvafiq izolyasiya qaydalarına riayət olunmaqla, 10 nəfərdən çox olmamaq şərti ilə hazırlıqlar bərpa olunsun və 10 min nəfərə yaxın şəxsin evinə çörək aparması, eləcə də vergi ödəməsi təmin edilsin”.

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

“Sumqayıt” 15 futbolçusu ilə anlaşıb

SONRAKI XƏBƏR

"Sədərək" Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi