Gəncə Şəhər İcra Hakimiyyəti sakinləri COVİD-19 infeksiyası ilə mübarizədə həmrəy olmağa çağırır

Gəncə Şəhər İcra Hakimiyyəti sakinləri COVİD-19 infeksiyası ilə mübarizədə həmrəy olmağa çağırır

Bu gündən Azərbaycanda karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr tətbiq olunacaq. Bununla əlaqədar qanunvericiliyə edilən dəyişiklik qüvvəyə minib. Bu dəyişiklik əhalinin qeyd edilən məsələyə qarşı həssaslığını artırıb. Belə ki, şəhərdə tibbi maskalardan istifadə edənlərin sayında artım nərəzə çarpır.101.az saytı olaraq Gəncənin mərkəzi hissəsində apardığımız müşahidələr bunu deməyə əsas verir.

Bank və ATM-lərin qarşısında növbə gözləyən, dayanacaq və ictimai nəqliyyatdan istifadə edən sakinlərin çoxunda tibbi maskaların mövcudluğu görünür. Sakinlərin çoxu istifadəsi məcburi olan yerlərlə yanaşı, açıq havada ikən də tibbi maskalarını çıxarmırlar. Diqqət çəkən digər bir məqam isə qoruyucu vasitələrdən hər yaşdan olan insanların istifadə etməsidir.

Əhalinin sıxlıq təşkil etdiyi məkanlardan biri də səyyari (mövsümi) xidmət göstərən obyektlərdir. Burada da müştərilər tərəfindən sosial məsafənin qorunmasına diqqət yetirilir. Belə ki, bəzi məkan sahibləri üzərinə “Məsafə saxla”, “Tibbi maskasız giriş qadağandır” yazılan lövhələrlə sakinləri məsuliyyətli olmağa çağırırlar.

Tibbi maskaların istifadəsinə həssaslıqla yanaşan sakinlərin, bank və ATM-lərin qarşısında növbədə dayanarkən sosial məsafənin gözlənilməsinə biganə olmaları isə diqqətdən yayınmır. Bu səbəbdən də qeyd edilən məsələyə DİN əməkdaşları və Daxili Qoşunların əsgərləri nəzarət edirlər. Bu istiqamətdə Gəncə Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılan mobil qrupların üzvləri də öz fəaliyyətlərini davam etdirirlər. Onlar Gəncənin mərkəzi ilə yanaşı, şəhərin digər ərazilərində də reydlər keçirir, əhali arasında maarifləndirici söhbətlər aparır, tibbi maskalar paylayırlar.

Profilaktik söhbətlər zamanı əhali yeni növ koronavirus (COVİD 19) infeksiyasına qarşı mübarizdə həmrəylik göstərməyə, daha da məsuliyyətli davranaraq tibbi maskalardan istifadəyə və sosial izolyasiya tədbirlərinə əməl etməyə dəvət olunur.

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun yeni qərarına əsasən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Bu tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əlavə olunmuş yeni 211.2-ci və 211.3-cü yarımbəndləri ilə məsuliyyətə səbəb olur.

101.az

101.az

 

Mənbə: 101.az