Bakıda şəhid polislərin xatirəsinə tikilmiş bulaq sökülüb

Bakıda şəhid polislərin xatirəsinə tikilmiş bulaq sökülüb

Qarabağ uğrunda gedən döyüşlərdə həyatını itirmiş şəhid polislərin xatirəsinə tikilmiş bulaq sökülüb. Criminal.az-ın məlumatına görə, hadisə bir neçə gün bundan əvvəl Binəqədi rayonu ərazisində, Motodrom yaşayış sahəsində baş verib. Qarabağ müharibəsi veteranı Azər Şükürov iddia edir ki, onun Qarabağ uğrunda gedən döyüşlərdə həyatını itirmiş şəhid polislərin xatirəsinə tikdirdiyi bulaq Binəqədi rayon icra hakimiyyətinin, Binəqədi bələdiyyəsinin və Binəqədi Polis idarəsinin əməkdaşları tərəfindən sökülüb.

Şikayətçi bildirir ki, adı gedən ərazidə boş bir sahə olub və zibil tullantıları ilə çirkləndirilib. Bir müddət əvvəl bir nəfər ərazinin bir hissəsini daş hasara aldıqdan sonra həmin o zibilliyə çevrilmiş kiçik ərazidə isə biz təmizlik işi aparıb, xatirə bulaqı açmaq istədik. Bulaq tam hazır olduqdan sonra əraziyə gələn orqanların nümayəndələri bulaqın mərmər lövhəsindəki "şəhidlərin ruhuna" ifadəsinə məhəl qoymadan lövhəni söküb, daşları uçurdular.

"Dedilər qanunsuzdur. Dedim, yaxşı onda o qanunsuz hasarı niyə sökmürsünüz? Səhv etmirəmsə Binəqədi bələdiyyəsindən gələn Rövşən adlı şəxs - yaxşı eliyirəm! Sənə nə var? Ondan pul almışam sökmürəm, sən də pul ver bunu da sökməyim- cavabını verdi." - Azər Şükürov bildirib.

Şikayətçi ərazidəki bütün tikililərin qanunsuz tikildiyini bildirərək, "bu qanunsuzluq niyə elə şəhid bulağı tikiləndə yada düşdü?"- deyir və bununla bağlı bütün aidiyyatı qurumlara, hətta prezidentə müraciət edəcəyini bildirir.

Mənbə: criminal.az