İnnovasiyalar Agentliyi UNIDO ilə 200 min avroluq layihəyə başlayır

İnnovasiyalar Agentliyi UNIDO ilə 200 min avroluq layihəyə başlayır

Bakı, 3 iyun, AZƏRTAC

İnnovasiyalar Agentliyi BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə 200 min avro dəyərində layihəyə başlayır.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu ildən İnnovasiyalar Agentliyi və UNIDO arasında "Rəqəmsal təhsil və innovasiya mərkəzinin, innovasiya ekosisteminin və dəstək infrastrukturun inkişafı" adlı təlim layihəsinə start verilir.

İlk təlim Sloveniya Keyfiyyət və Metrologiya İnstitutu və Lyublyana Texnoparkının tərəfdaşlığı ilə baş tutub. Təlimin məqsədi İnnovasiyalar Agentliyinin təlimçiləri ilə onlayn və elektron təlim vasitələrindən istifadənin praktik təcrübəsini paylaşmaq, onlayn görüş, konfrans platformaları ilə işləməyi praktiki təcrübə üzərində göstərmək olub. İştirakçılar onlayn tədrisin vacib elementləri, həmçinin onun çətinlikləri və əsas üstünlükləri barədə məlumatlandırılıb. Cənub-Şərqi Avropanın ən böyük onlayn fakültəsi olan DOBA fakültəsinin mühazirəçisi və icraçı direktoru Klemen Sibret, auditoriyanı motivasiyalı saxlamağın və tələbələrlə dialoq şəklində ünsiyyət qurmağın vacibliyini vurğulayıb. Digər təlimçilər, Lyublyana Texnologiya Parkının CEO və Texniki Birliyin rəhbəri Jernej Pintar və yaradıcı texnologiyalar və yeni iş modelləri üzrə məsləhətçisi Ales Pevc isə “AltspaceVR”, “MeetinVR”, “Virtway” kimi onlayn platformaların praktik istifadəsini və virtual gerçəklikdə keçiriləcək onlayn tədbirlərin gələcək mümkün imkanlarını təqdim ediblər.

Startapların geniş bazarlara çıxışı, 4-cü sənaye inqilabının ortaya qoyduğu imkanlardan və çağırışlardan istifadə bacarıqlarının yenilənməsi, kiçik və orta sahibkarlıqda rəqabətin artırılması və innovasiya ekosisteminin təşviq edilməsi məqsədilə qabaqcıl təcrübənin öyrənilməsi də layihənin hədəflərinə daxildir. Layihənin 15 ay ərzində davam etdirilməsi nəzərdə tutulur və ümumi dəyəri 200 min avro təşkil edir.

Proqram çərçivəsində növbəti təlim iyunun 2-4-də baş tutacaq.

Mənbə: azertag.az