Qiymət

Qiymət

Əbədi və mövsümi...

Bir vaxtlar, yəni sosializm dövründə yaşayanların yadında qalan ən ümidverici “nağıl”lardan birini xatırlayaq: “Kommunizmdə pula ehtiyac olmayacaq, dükan-bazarda insanlar özünə lazım olan nə varsa, hamısını pulsuz-parasız gedib götürəcək”...

O dövrdən keçən neçə onillikdən sonra, kommunizmin yalan adlı bir doğru, su köpüyünü əldə saxlamağa çalışmaq qədər mümkünsüz bir ümid olduğunu görməkdəyik.

O, gəlməz oldu, əslində, utopik ideyaları gedər-gəlməzə elə yolladılar ki, insanlarda nağıl adlanana da bilmərrə ümid qalmadı.

Sosializmin dağılmasından sonra təbii şəkildə yaşanan keçid dövründən pis-yaxşı ötüşməkdən, müstəqilliyi qazanmağımızdan xeyli məmnunuq. Bunu ən azı, bir ömür gözləyənlər, hətta onu görməyənlər də vardı axı. Həqiqəti gərəkdir olduğu kimi deyək, onu görməzdən gəlməyək. Müstəqillik arzusunun arxasında olub, onun uğrunda can qoyub, qan tökənlərin əvəzinə də bizlər yaşayrıq o vazkeçilməz sevinci, hissi.

Bəziləri onun hansı qurbanlar, ümumiyyətlə, nələr hesabına qazanıldığını billməz. Necə ki, ulu məqsədlər uğrunda öndə gedənlər, o yolda həyatını itirənlər olduğu kimi, qazanılan uğurlardan yararlananlar, onun hansı əziyyətlər hesabına əldə olunmasını eyninə almayaraq, mövcud olanlar da var. Bu, daim belə olub və olacaq da. Həyatın daşlaşmış bu aksiomunu kimsə poza bilməz...

Kommunizm ideyalarının bir təbliğat kimi məhv edilməsindən sonra, hansısa yeni ideyalara sarı yön almaq istədi insan övladı. Bunu ona görə ehtimalla deyirik ki, onilliklərlə beyninə yeridilənin az bir vaxtda məhv edilməsindən sonra yeni ideyalara, yeni ümidlərə sarı çönmək, dönmək çətin idi. Eyni zamanda, o ideyaları gömsə də, xatirəsini ürəyində hələ də yaşadanlar vardı. Mövcud qarmaqarışıqlığın, xaotik bir yaşamın içində, ideyaların məhvini tezliklə qəbul etmək də çətin idi. Lakin, zaman dayanmır, hər anın varlığı kimi, hökmü də mümkünsüz deyildi...

O mənada, həyat davam edirsə, həyatın bütün vazkeçilməzlikləri kimi, ideyalara da ehtiyac vardı. Bəlkə də onu zərurət adlandırmaq daha uyğundur.

Beləliklə, xaricdən süzülüb gələn ideyalarla kommunizmi bircə keçidlə kapitalizmə dəyişmək də çətindir. Lakin onun nə demək olduğunu birmənalı şəkildə anlamayanlar da mövcuddur. Sadə camaatsa kapitalizmi insanlara qiymət verməmək kimi xarakterizə edir.

Bunu istənilən addımda inkar edənlər üçün anında cavab da hazırdır. Çünki utopiyalarla yaşamış, formalaşmış beyinləri birmənalı şəkildə o acı gerçəkliyə inandırmaq çətindir. İnsan övladı da ümidini itirməyin acısını yaşamaqdansa, məhv edilənlərdən belə, yapışmaq, onunla özünü ovutmaq istər.

İnsana layiq olduğu qiymətin verilmədiyini qəbul etməyənlər, yenə də utopiya axtarışındadır. Bu məqamda insanlıq, onun qiyməti barədə istənilən qədər deyimləri, müdriklərin kəlamlarını, atalar sözlərini misal gətirmək olar. Lakin nə faydası? İnsanlara hansısa nağılları danışmaqla vaxtını, səbrini azaltmaq, həyatını qısaltmaq olar. Ona lazım olan həyatıdırsa, o həyatın qiyməti verilməlidir.

Qiymətin nə qədər olduğunu demək, bazarda hesablaşmağa bərabər tutular. O üzdən, hər kəsin qəlbində özünün hansı qiymətdə olmasına dair şəksiz-şübhəsiz, inamı var. O inamdan yanaşsaq, hər kəs özünün qiymətini bilirmi?

Bilirsə, qışın bitməsindən bəri, yayın girməsindən də başlayaraq, artan qiyməti diqtə etsin. Bu dəfə birmənalı şəkildə qiymətdən danışsın, onun insanlığa nəyi gətirdiyini hesablasın. Hesablaşma da məcazi deyil, həqiqi mənada olsun. İnsanlar öncə özünə, daha sonra bir-birinə qiymət verməsə, yaşam üçün gərək olan mal-məhsula - vacib, fəqət ikinci dərəcəli olana - doğru-düzgün qiymət qoya bilməyəcək. Bahalığı insana münasibətdə görək, ucuzluğu isə yalnız ona yaşamaq, var olmaq üçün gərəkənlərin qiymətində tətbiq edək.

Ən azından, insanlıq ölməzdir, qiymətlərsə gəldi-gedər, mövsümi...

Nigar Orucova

Mənbə: paralel.az