Prezidentin jurnalist üçün tikdiyi mənzillər kimə verilib?

Prezidentin jurnalist üçün tikdiyi mənzillər kimə verilib?

İki binada olan 411 mənzilin çoxu kənar adamlara paylanıb

Hazırda Milli Mətbuatımızın 145 illiyini qeyd etməyə hazırlaşırıq. Ölkə jurnalistlərinin hər beş ildənbir mükafatlandırılması ənənəsinin davam edib-etməyəcəyini bilməsəm də, Əli Həsənovun zamanında, onun qılıncının dalının, qabağının kəsdiyi dövrdə müəyyən etdiyi bu qaydanın qüvvədə qalacağını düşünmürəm.

Bu qaydaların qalmasına heç ehtiyac da yoxdur. Çünki Əli Həsənov ölkənin ictimai-siyasi mühitini elə pis şəklə salıb ki, onun qoyduğu zərərli və yanlış qaydaların tamamilə ləğv olunmasına ciddi ehtiyac var. Əli müəllim həm müsbət, həm də mənfi mənada çox qabiliyyətli kadr idi. Xüsusən cənab Prezident tərəfindən jurnalistlərə verilən ev, fəxri ad, fərdi təqaüd və sair mükafatlar müəyyən ediləndə Əli Həsənov özünə yaxın qohum-əqrabasını, dost-tanışlarını, ailəsinin dostlarını, işçilərini, trollarını heç zaman unutmurdu. Buna görə də ölkə mətbuatı qısa müddətdə çökdü və o bu gün çap mediası və sosial media can üstədir.

Əli Həsənov 25 ildən çox müddət ərzində ölkənin ictimai – siyasi sahəsini tamamilə nəzarətinə almaq üçün öz adamlarını, bacardı-bacarmadı, bu sahəyə yığdı, bölücülüklə məşğul oldu və ölkə Prezidentinin ona göstərdiyi etimaddan hədsiz sui-istifadə etməkdən zərrəcə çəkinmədi. Onun qoyduğu yanlış qaydalara əməl etməyən bacarıqlı qələm sahiblərini bütün haqlarından məhrum etdi, hərəyə bir damğa vurdu və haqqına sahib çıxdı.

Ə. Həsənov xüsusən 2013-cü və 2017-ci illərdə Prezidentin sərəncamı ilə jurnalistlər üçün tikilmiş 411 mənzili jurnalistlər arasında ədalətlə bölmək məsələsində çox ciddi səhvlərə və hətta cinayətə yol verdi. Ev almaq üçün elə şərtlər müəyyən etdi ki, normal ev almaq haqqı olan jurnalistlərin əksəriyyəti kənarda qaldı. Əvəzində özünə yaxın olan və jurnalistika ilə heç bir bağlılığı olmayan yaxın qohumlarına, katibələrə, texniki işçilərə, öz yanında çalışanlara payladı. Özünə yaxın qəzetlərdə çalışanlara 4-6 ev ayırdığı halda, gündəlik işıq üzü görən, çalışdığım “Paralel” qəzetinə utanmaz-utanmaz, həyasızcasına hər binadan 1 ev verdi! Əli Həsənova tabe olan Allahsız adamların çox böyük təqibi, hətta bəzi hallarda təhqiri altında zəhmətlə çalışan qəzet kollektivinin haqqı pozuldu.

Hətta 2017-ci ildə istifadəyə verilmiş ikinci 255 mənzilli binadan adı siyahıda birinci olan jurnalist Mahir Abbaszadənin mənzil almaq haqqı Əli Həsənovun şəxsi müdaxiləsilə əlindən alındı. Amma Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın rəhbərliyi altında olan “Kaspi” və “Kaspiy” qəzetlərinin hər birinə 4 mənzil, eləcə də Əli Həsənova yaxın olan digər çoxsaylı qəzet və saytlara 3-6 sayda mənzil verildi! Bax, Əli Həsənovun ədaləti bu qədər şərəfdən və ləyaqətdən uzaq idi! Bu adam həddini o qədər aşmışdı ki, özünü, hətta ölkə Prezidentindən də üstün tuturdu və hər cür pis əmələ əl uzadırdı!

Əli Həsənova yaxınlığı ilə tanınan neçə-neçə qəzet və jurnal redaktoru tanıyıram ki, onlar jurnalistlər üçün nəzərdə tutulmuş mənzilləri katibələrə, texniki işçilərə, sürücülərə və digər jurnalist olamayan şəxslərə ya rüşvətlə veriblər, ya da onların adına alınsa da, həmin mənzilləri qəzet redaktorları özləri mənimsəyib satıblar! Bu şəraiti onlara, məhz Əli Həsənov yaradırdı!

Əli Həsənovun ölkə mətbuatına vurduğu ziyan bunlarla bitmir və o, vəzifə səlahiyyətini aşaraq çoxsaylı cinayətlər törədib. Vaxtı gəldikcə, bu cinayətlərdən yazmaqda davam edəcəm və mənim kimi neçə-neçə jurnalistin haqqını mənimsəyən və hətta Allahdan belə qorxmayan Əli Həsənovun əməlləri üzərinə bundan sonra da işıq salmağa çalışacam.

Səkinə Mehtiyeva

Mənbə: paralel.az