Azərbaycan və Türkiyə arasındakı ilk körpü - Dr. Əli Bayram vəfat edib

Azərbaycan və Türkiyə arasındakı ilk körpü - Dr. Əli Bayram vəfat edib

Ömrünün böyük bir qismini təhsilin inkişafına həsr etmiş Dr. Əli Bayram dünyasını dəyişib.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan da daxil olmaqla bir sıra Orta Asiya ölkələrində təhsilin inkişafı sahəsində böyük rolu olan Dr. Əli Bayram Misirin paytaxtı Qahirədə vəfat edib. Xatırladaq ki, akademik bir müddət əvvəl beyinqanaması keçirərək iflic olub.

Ə. Bayramın yüzlərlə tələbənin təhsil almasında, çox sayda təhsil müəssiəsinin açılmasında böyük əməyi olub. Azərbaycana qarşı xüsusi sevgisi olan Əli Bayram 1990-cı il, Azərbaycan (Naxçıvan) və Türkiyə sərhədlərinin açıldığı vaxt iki ölkə arasında körpü rolunu oynayıb. Hətta o vaxt Naxçıvanda sosial vəziyyət yaxşı olmadığı üçün Əli Bayram bəy Türkiyədən Azərbaycana (Naxçıvan) köməklik edilməsinə müvəffəq olub. İki qardaş ölkəni bir-birindən ayıran Sədərək körpüsündə təşkil olunmuş görüşdə Azərbaycan tərəfini Naxçıvan Milli Məclisinin sədri mərhum prezident, ümummilli lider Heydər Əliyev, Türkiyə tərəfdən isə Əli Bayram təmsil edib. Həmin vaxt iki ölkə arasına sədd sayılan Sədərək körpüsünü ilk dəfə ümummilli lider Heydər Əliyev keçir. Ondan sonra hər iki ölkənin vətəndaşları qarşılıqlı surətdə qardaş torpaqlara keçir. Körpünü keçərkən yaşanan hadisəni Əli Bayram müsahibəsində belə xatırlayır: “Heydər Əliyev ordan sanki bir qartal kimi keçdi. Mövcud vəziyyətlə bağlı olaraq Türkiyə torpaqlarına keçmək istəyən insanların qarşısını kəsən komandiri saxladı. Vəzifəsini icra edən komandirə dedi ki, “Komandir, komandir, biz 70 ildir bu süngü ilə mübarizə aparırıq. 70 il o süngü bizi yıxa bilmədi. İndi qardaşlarımızın süngüsünmü bizi yıxacaq?” Əlini geri çevirib arxasındakı xalqı göstərdi: “Komandir, 20 gündür bu insanların gözünə yuxu getmir. Onlar sadəcə Anadolu torpağını öpüb geri qayıdacaqlar. Tək arzuları, məqsədləri Anadolu torpaqlarını öpməkdir” dedi. Bundan sonra komandir insanların 10-15 dəqiqəlik də olsa, Türkiyəyə keçməsinə izin verdi”.

Allah rəhmət etsin.

Mənbə: www.yeniavaz.com