Bakıda daha bir gözəllik guşəsi olacaq – FOTO

“Yataqxanaların yerində heç bir tikinti olmayacaq”.

Respublika İncəsənət Gimnaziyasının qəzalı vəziyyətdə olan yataqxanasının birinci korpusu artıq sökülüb, ikincisində isə işlər başlayır.

paralel.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu açıqlamasında Yasamal rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfat Şöbəsinin müdiri Şahin Məmmədov deyib.

Ş.Məmmədov İncəsənət Gimnaziyasının sökülən yataqxanalarının yerində heç bir tikinti olmayacağını deyib:

“Ölkə prezidentinin iştirakı ilə Azərbaycan Milli Konservatoriyasının yeni binasının açılışı olub. Həmin bina Azərbaycan memarlığının bütün çalarlarını özündə əks etdirir. Amma konservatoriyaya bitişik və onun nəzdində olan İncəsənət Gimnaziyasının iki yataqxanası son dərəcə qəzalı vəziyyətdə idi. Həmin açılışda Konservatoriyanın rəhbərliyi onların sökülməsi ilə bağlı ölkə Prezidentinə müraciət edib”.

Şöbə müdirinin sözlərinə görə, söküntü işlərindən sonra həmin ərazidə Hüseyn Cavid prospektinə açılan gözəllik guşəsi yaradılacaq:

“Yataqxanaların yerində heç bir tikinti olmayacaq. O yataqxanada şagirdlər qalmırdı. Orada ancaq məcburi köçkünlər və bir neçə digər bölgələrdən olan insanlar yaşayırdılar. Onlar heç bir qeydiyyat olmadan orada məskunlaşmışdılar. Məcburi köçkünlər yeni yaşayış evləri ilə təmin olunublar. Digərləri isə müəyyən kompensasiya ilə öz yaşayış yerlərini dəyişiblər. Həmin yataqxanalar Konservatoriyanın Hüseyn Cavid Prospektinə açılan hissəsini bağlayırdı. Qəzalı vəziyyətdə olan yataqxanalar Konservatoriyanın arxitekturasını görünməz vəziyyətə salmışdı. Söküntü işlərindən sonra Konservatoriyanın binası Hüseyn Cavid prospektinə açılacaq və bu da o əraziyə yeni görkəm verəcək”.

Qeyd edək ki, 1959-cu ildə yaranan Respublika İncəsənət Gimnaziyası ilk öncə musiqi məktəbi kimi fəaliyyət göstərib. Hazırda gimnaziya Milli Konservatoriyanın nəzdindədir.

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

“Rusiyanı G7-yə qaytarmağı sağlam düşüncə tələb edir” - TRAMP

SONRAKI XƏBƏR

"Verder" evdə "Ayntraxt"a uduzub