Yunanıstan hökuməti koronavirusa yoluxduğu halda turistlərin tibbi xərclərini ödəyəcək

Yunanıstan hökuməti koronavirusa yoluxduğu halda turistlərin tibbi xərclərini ödəyəcək

Afina, 4 iyun, AZƏRTAC

Yunanıstan hökuməti turistlərin ölkəni ziyarət etdikdə koronavirusa yoluxduqları halda tibbi xərclərini ödəyəcəyini bəyan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə hökumətin rəsmi sözçüsü Stelios Petsas bildirib. O qeyd edib ki, hökumətin əsas məqsədi ölkə vətəndaşlarının və turistlərin təhlükəsizliyini, sağlamlığını təmin etməkdir. S.Petsas diqqətə çatdırıb ki, iyunun 15-dən ölkə turistlər üçün açılır, amma buna baxmayaraq bütün təhlükəsizlik protokollarına riayət olunacaq. Koronavirus ocaqları aşkar olunan kimi xüsusi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, Yunanıstan hökuməti ölkə turizminin dirçəlməsini prioritet məsələlərə daxil edib. Hazırda adalarda və materik Yunanıstanda xəstələrin yerləşdirilməsi üçün xüsusi mobil xəstəxanaların quraşdırılması nəzərdə tutulur, tibb işçilərin artırılması gözlənilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbi

Afina

Mənbə: azertag.az