Yaponiya şirkəti koronavirus testlərinin robotlar tərəfindən aparılmasını təklif edir

Yaponiya şirkəti koronavirus testlərinin robotlar tərəfindən aparılmasını təklif edir

Tokio, 4 iyun, AZƏRTAC

Yaponiyanın tibb robotları hazırlayan “Medicaroid” şirkəti səhiyyə işçilərinin koronavirusa yoluxmasının qarşısını almaq məqsədilə testlərin robotlar tərəfindən aparılmasını təklif edir.

AZƏRTAC xəbər verir ki, şirkət tərəfindən təklif olunan sistem bir neçə robotdan istifadə olunmasını nəzərdə tutur. Bu robotlardan biri test keçirilən şəxsdən nümunə götürəcək, ikinci robot həmin nümunəni sınaq qurğusuna yerləşdirəcək. Üçüncü robot isə reagentləri idarə edəcək.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, sistemin əsas aparıcı elementi həkimlərə xəstədən müəyyən məsafədə qalmağa şərait yaradan nümunələri götürəcək robot olacaq.

“Medicaroid”in yerləşdiyi Kobe şəhəri şirkətə 460 min dollar maliyyə yardımı göstərməklə yanaşı, testlərin aparılması üçün xəstəxanalar və sınaq meydançaları təşkil edəcək.

Əlavə olaraq qeyd edək ki, “Medicaroid” şirkəti tibbi robotlar hazırlayan “Kawasaki Heavy Industries” və diaqnostika alətləri istehsal edən “Sysmex” şirkətləri tərəfindən yaradılmış birgə müəssisədir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az