İmişlinin Muradxanlı kəndində tikilən məktəb binasında inşaat işlərinin 80 faizi görülüb

İmişlinin Muradxanlı kəndində tikilən məktəb binasında inşaat işlərinin 80 faizi görülüb

İmişli, 4 iyun, Mahir Babayev, AZƏRTAC

Təhsil Nazirliyinin sifarişi ilə İmişlinin Muradxanlı kənd tam orta məktəbi üçün tikilən ikimərtəbəli binada inşaat işlərinin 80 faizi görülüb. Artıq binanın dam örtüyü vurulur, qapı və pəncərələri yerləşdirilib, elektrik və su xətləri çəkilib, su anbarı və qazanxana tikilib. Hazırda otaqların suvanması işləri aparılır, döşəmə hamarlanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, inşa olunan 264 şagird yerlik təhsil ocağında 11 sinif otağı olacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək.

Məktəbin tikintisinin yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulub.

Mənbə: azertag.az