Şəhərlərarası sərnişindaşımada ciddi izolyasiya qaydaları olacaq - RƏSMİ

Şəhərlərarası sərnişindaşımada ciddi izolyasiya qaydaları olacaq - RƏSMİ

Şəhərlərarası sərnişindaşımada ciddi izolyasiya qaydaları olacaq - RƏSMİ

“Məhdudiyyətlər aradan qaldırılarsa, gələcəkdə hər hansı çərçivədə şəhərlərarası sərnişindaşımalar bərpa olunarsa, yeni qaydalar tətbiq olunacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.

O bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargah karantin rejiminin yumşaldılması çərçivəsində şəhərlərarası sərnişindaşımaların fəaliyyətinin bərpasına qərar verərsə, yeni qaydaların tətbiqinə başlanılacaq:

“Yeni qaydalar uzun məsafələr qət edərək regionlara gedən sərnişindaşıma avtobuslarına şamil ediləcək. Göstərişlərdə uzaq məsafələrə, xüsusilə də şəhərlərarası sərnişindaşımada ciddi izolyasiya qaydaları olacaq. Avtobuslar qapalı məkan hesab olunduğundan biletlər məhdud sayda satılacaq. Avtobuslarda bütün yerlərin tamamilə dolması şərt olmayacaq. Pandemiya dövrünə qədər uzaq məsafələrə gedən avtonəqliyyat vasitələrinin iş və istirahət rejiminə nəzarət qaydalarına riayət edilmirdi. Lakin pandemiya dövründə bu qaydalara ciddi nəzarət olunacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 11 Regional Ərazi Şöbəsi üzrə müfəttiş şöbələrinin əməkdaşları bu qaydaların tətbiqinə nəzarət edəcək. Həmin avtobusların reyslərinə uyğun olaraq sürücülərin müvafiq istirahət mərkəzlərində 20-25 dəqiqəlik istirahət müddətinə əməl etmələri zəruri olacaq. Bu müddət ərzində avtobuslar havalandırılacaq.

Kimyəvi tərkibi olmayan antiallergen məhlullarla oturacaqlar, tutacaqlar dezinfeksiya ediləcək. Sərnişindaşımalar bərpa olunarsa, nəqliyyat vasitələrində tibbi maska və əlcəklərdən istifadə zəruri olacaq. Qoruyucu vasitələri olmayan sürücülər ilkin dövrdə Avtovağzal mərkəzlərində əməkdaşlar tərəfindən tibbi maska ilə təmin olunacaqlar. Lakin sonrakı dövrlərdə bu məsələyə daha ciddi yanaşılması vacib olacaq”.

Könül Cəfərli

Mənbə: www.oxu.az