Deputat seçicilərinə çağırış etdi

Deputat seçicilərinə çağırış etdi

Millət vəkili Sahib Alıyev seçicilərinə müraciət edib. "Olaylar" xəbər verir ki, müraciətdə deyilir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artmasıyla bağlı Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun iyunun 4-də dövlət kanalında yayımlanan çıxışına yəqin ki, baxanlarınız var. Azərbaycan dövlətinin bir çox ölkələrə örnək göstərilən qabaqlayıcı və sistemli addımlarına baxmayaraq çox təəssüf ki, əksər vətandaşlarımızın maska taxmaq və məsafə saxlamaqla bağlı deyilənləri qulaqardına vurmaları səbəbindən həm virusa yoluxanların, həm də ondan ölənlərin sayı artıb: "Rəsmi statistikaya görə, dünən bizdə virusa yoluxduqları təsbit edilənlərin sayı 325, yoluxmadan ölənlərinki isə 5 nəfər oldu. O səbəbdən də 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən qurumların və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla). Əziz tərtərlilər, bu günlərdə siz öz məsuliyyətli davranışınızla da bir çoxlarından fərqləndiniz. Və məhz həm bunun, həm də mütəzəm şəkildə aparılan dezinfeksiya tədbirlərinin nəticəsi idi ki, Tərtərdə cəmi bir nəfər virusa yoluxan qeydə alındı, o da başqa bir rayonda çalışırdı. Ümid edirəm ki, bu statistika dəyişməyəcək. Hamınıza can sağlığı arzulayıram və bunun üçün də ilk növbədə işdə, küçədə gərəkən qoruyucu vasitələrdən istifadə etmək və sosial məsafə saxlamaqla virusdan qorunmaq lazımdır".

Mənbə: olaylar.az